Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar Baş Prokurorluğa çağırılıb

Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar Baş Prokurorluğa çağırılıb
# 12 dekabr 2013 08:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev Baş Prokurorluğa çağırılıb. A. Niftəliyev APA-ya bildirib ki, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa gedib.

Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən görüşdə şikayəti dinlənilib: “Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım”.

A. Niftəliyev qeyd edib ki, N. Abbasov bu cinayət işinin şəxsən baş prokuror Zakir Qaralovun nəzarətində olduğu, bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıb: “Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağını və zəruri addımlar atılacağını bildirdilər”.

Qeyd edək ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR