Nazir: “Azərbaycanda məktəbəqədər təhsili əhatə faizinin aşağı olması bizi çox narahat edir” - FOTO

Nazir: “Azərbaycanda məktəbəqədər təhsili əhatə faizinin aşağı olması bizi çox narahat edir” - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 11:49 (UTC +04:00)

Bakı. Könlü Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov yeni qəbul edilən Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının istiqamətləri, qarşıda duran hədəflər, mövcud problemlər və digər məsələlər barədə ətraflı məlumat verib. Ölkədə peşə təhsilinin inkişafı barədə danışan nazir qeyd edib ki, təhsilin ən aktual sualı “Biz kimi hazırlamalıyıq” sualıdır: “Hansı peşənin sahiblərini hazırlamalıyıq ki, onlar sabah əmək bazarında öz yerlərini tutsunlar. Son 2 il ərzində Qərbi Avropada keçirilən təhlillərə əsasən ən çox tələb olun peşə sosial şəbəkələrlə ünsiyyət üzrə menecer olub. Bundan əlavə, bu gün 9 yaşında olan uşaqların gələcək iş yerinin bu gün mövcud olan ixtisaslardan seçilməsi fərziyyəsinin 20% olduğu müəyyənləşib. Cəmiyyətin inkişafı, tərəqqisi daimi baş verir və buna uyğun olaraq lazımlı kadrlar hazırlanmalıdır”.

Təhsilin digər pillələri barədə də danışan nazir qeyd edib ki, bu gün Azərbaycanda məktəbəqədər təhsili əhatə faizi çox aşağıdır və bu onları çox narahat edir. Nazirin sözlərinə görə, Azərbaycanda şagirdlərin məktəbəqədər təhsilə cəlb edilməsi 20% faiz civarındadır: “Avropada isə bu rəqəm 90%-dən çoxdur. Azərbaycanda da uşaqların məktəbəqədər hazırlığa cəlb edilməsinin yüksəldilməsi qarşımızda duran əsas prioritetlərdən biridir. Məktəbəqədər hazırlıq uşaqların uşaq bağçasında yeməyi və yatmağı ilə məhdudlaşmır. Məktəbəqədər təhsil inkişaf prosesidir və burada lazımi metodikalar var”.

Tədbirin davamında klubun fəxri üzvü sertifikatı təhsil nazirinə təqdim edilib. Qeyd olunub ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə növbəti görüş dekabrın 18-də keçiriləcək. Bu zaman üzv şirkətlərin təmsilçiləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR