Rövnəq Abdullayev: “Dördlər finalı” yüksək səviyyədə təşkil olunacaq

Rövnəq Abdullayev: “Dördlər finalı” yüksək səviyyədə təşkil olunacaq
# 13 dekabr 2013 11:58 (UTC +04:00)

Bakı – APA. “Araz”ın UEFA kuboku turnirində final mərhələsinə vəsiqə qazanması bizi çox sevindirdi. Bunu ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Assosiasiya rəhbəri futzal üzrə UEFA kuboku turnirinin final mərhələsinin Bakıda keçirilməsinə münasibət bildirib. Abdullayev bununla bağlı fikrilərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Final mərhələsinin oyunlarını Bakıda təşkil etmək istədiyimizi AFFA adından dərhal UEFA-ya bildirdik. Avropa futbol qurumu təklifimizi cavablandırmaq məqsədilə UEFA ekspertlərini paytaxtımıza ezam etdi və onlar AFFA nümayəndələri ilə birgə müvafiq monitorinq apardılar. UEFA İcraiyyə Komitəsinin dekabrın 12-də keçirilmiş iclasında monitorinqlə bağlı hesabat təqdim olunub və sevindirici haldır ki, Avropa futbol qurumunun İcraiyyə Komitəsi futzal üzrə UEFA kubokunun final mərhələsinin Bakıda təşkil olunması barədə qərar çıxarıb. Bununla əlaqədar olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Təbii ki, belə bir qərarın qəbul olunmasında FIFA U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə ölkəmizdə yüksək səviyyədə keçirilməsi də mühüm rol oynayıb. İnanıram ki, final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı yaradılacaq UEFA və AFFA-nın təşkilat komitələri işinin öhdəsindən layiqincə gələcək, "Dördlər finalı" yüksək səviyyədə təşkil olunacaq və ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etməsinə daha böyük zəmin yaradacaq".

Qeyd edək ki, “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR