Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının sessiyasında iştirak edib

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının sessiyasında iştirak edib
# 13 dekabr 2013 12:04 (UTC +04:00)

Bakı - APA-Economics. Dekabrın 9-11-də İrlandiya Respublikasının Dublin şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 70-ci sessiyası keçirilib.

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda ÜGT-nin Avropa regionu üzrə sədr müavini qismində DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Sessiya ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının sədri, İrlandiya Gömrük Xidmətinin rəhbəri xanım Josephine Feehilynin açılış nitqi ilə öz işinə başlayıb. Sessiyada gündəlik qəbul edildikdən sonra reqlamentə uyğun olaraq ÜGT-nin baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planı ilə bağlı əldə olunan nəticələr və perspektiv işlər barədə ətraflı şəkildə iclas iştirakçılarına məlumat verib. K.Mikuriya hesabatında gömrük sahəsində təlim və seminarların əhəmiyyətindən danışarkən ÜGT-nin Avropa regionu üzrə sədr müavini olaraq DGK-nın və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin birgə təşkil edəcəyi, 22-24 yanvar 2014-cü il tarixdə Bakıda keçiriləcək Regional Tədris Mərkəzləri Rəhbərlərinin birinci konfransının potensialın gücləndirilməsi istiqamətində qarşıya qoyulan hədəflər və atılacaq addımlar baxımından olduqca əhəmiyyətli olacağını qeyd edib.

Sessiyada xarici ticarətdə vergidən yayınma məsələləri və gömrük-özəl sektor əməkdaşlığı daha geniş şəkildə müzakirə edilən iki əsas mövzu olub. Belə ki, hər iki mövzu ilə əlaqədar olaraq plenar sessiyada aparılan müzakirələrə əlavə olaraq, təklif və tövsiyələrin daha geniş şəkildə müzakirə edilməsi və bu məsələlərlə bağlı daha konkret nəticələrin əldə olunması üçün sessiyanın birinci və ikinci günü ardıcıl olaraq xarici ticarətdə vergidən yayınma və gömrük-özəl sektor əməkdaşlığı məsələləri ayrı-ayrı qruplar şəklində müzakirə edilib. Bu iclaslara ÜGT-nin regionlar üzrə sədr müavinləri moderatorluq ediblər. DGK ÜGT-nin Avropa regionu üzrə sədr müavini olaraq xarici ticarətdə vergidən yayınma halları ilə bağlı mövzuda həyata keçirilən iclaslardan birinə moderatorluq edib.

Ayrı-ayrı qruplar şəklində aparılan iclaslardan biri də özəl sektor və gömrük əməkdaşlığı ilə bağlı olub. Qeyd edək ki, sessiyada DGK sədri Aydın Əliyev Azərbaycanda gömrük-özəl sektor əməkdaşlığı və ümumiyyətlə, xarici iqtisadi fəaliyyət iştirakçılarının işini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə həyata keçirilən tədbirlərlə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib, eyni zamanda iclasda gömrük-biznes əməkdaşlığı ilə bağlı Azərbaycan tərəfinin təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

İclasın gündəliyində Harmonik Sistem və Malların Kodlaşdırılması, ÜGT-nin Strateji Planı və 2014-2015-ci illər üçün maliyyə məsələləri və büdcənin formalaşdırılması, ÜGT Direktorlarının seçilməsi ilə əlaqədar mövcud prosedurlar və digər aidiyyəti məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb və müzakirə olunaraq qəbul edilib.

Sessiyanın sonuncu günü İrlandiyanın maliyyə naziri iclasda iştirak edərək iqtisadi böhranla bağlı son üç il ərzində İrlandiyanın Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə həyata keçirilmiş maliyyə siyasəti və buna müvafiq olaraq əldə olunan müsbət iqtisadi nəticələr barədə təqdimatla çıxış edib. Daha sonra Balidə keçirilən yüksək səviyyəli konfransda ticarətin asanlaşdırılması ilə bağlı qəbul edilmiş sazişin ÜGT üzvləri tərəfindən dəstəklənməsi və qeyd olunan məsələlərin daha geniş şəkildə tətbiq edilməsini təmin etmək məqsədilə hazırlanmış “Ümumdünya Ticarət Təşkilatı tərəfindən Ticarətin asanlaşdırılması üzrə Sazişin qəbul edilməsi ilə bağlı ÜGT Siyasi Komissiyasının Qətnamə” layihəsi müzakirə olunaraq qəbul edilib. Tədbirdə Mərakeş Krallığının Gömrük Xidmətinin baş direktorunun təklifi ilə Fələstin Dövlətinin ÜGT-yə üzvlüyü məsələsinə baxılıb və ÜGT-nin baş katibi Kunio Mikuriya Fələstin Dövlətinin potensialın gücləndirilməsi ilə bağlı proqramlardan faydalana biləcəyini və üzvlük məsələsinə isə digər beynəlxalq təşkilatlarla paralel olaraq baxılmasının daha uyğun olduğunu qeyd edib. Sonda Siyasi Komissiyanın növbəti sessiyanın 21 iyun 2014-cü il tarixdə Brüssel şəhərində keçirilməsi qərara alınıb.

Xatırladaq ki, səfər çərçivəsində DGK sədri Aydın Əliyevin bir sıra ölkələrin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR