Azərbaycanda həyat sığortası bazarı 52% böyüyüb

Azərbaycanda həyat sığortası bazarı 52% böyüyüb
# 13 iyun 2014 10:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanan sığorta haqlarının 27%-i və ya 50 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17 mln. manat və ya təxminən 52% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,7% və ya 25,8 mln. manatı həyatın yaşam sığortasının, 35%-i və ya 17,5 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,3%-i və ya 6,6 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 34 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 5 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 2,9 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,2 mln. manat və ya təxminən 73% çoxdur. Həyat sığortası üzrə ödənişlərin 56,4%-i və ya 1,65 mln. manatı həyatın yaşam sığortasının, 30,9%-i və ya 0,9 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,7%-i və ya 370 min manatı isə həyatın ölüm halından sığortasının payına düşüb. Sağalmaz xəstəliklərlə bağlı isə sığorta ödənişi alan olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 5,84 manat yaxın ödəniş həyata keçirilib. Ötən ilin yanvar-may aylarında bu göstərici 5,14 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR