AFFA “Sumqayıt” klubunun kapitanına 4 oyunluq cəza verib

AFFA “Sumqayıt” klubunun kapitanına 4 oyunluq cəza verib
# 03 dekabr 2013 10:43 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XV turunun oyunlarında baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

“Qəbələ” ilə matçın 85-ci dəqiqəsində qırmızı vərəqə alan Rəşad Abdullayev 1 oyunluq cəzalanıb və bu səbəbdən şərəfini qoruduğu “Rəvan” klubu 200 manat ziyana salıb. “Simurq”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” min manat cərimə olunub.

“Neftçi” ilə görüşdə 5 futbolçusu xəbərdarlıq alan “Sumqayıt”ın da cəzası eynidir. 90-cı dəqiqədə hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan Samir Abbasov 4 oyunluq cəzalanıb və sumqayıtlıları 4 min manat ziyana salıb.

“Xəzər Lənkəran”la görüşdə 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün AZAL min manat cərimə ödəyəcək. 56-cı dəqiqədə AZAL-ın meydandan qovulan futbolçusu Branislav Arseniyeviç 1 oyunluq kənarlaşdırılıb, komandası 200 manat xərcə düşüb. Oyunun 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan Ağabala Ramazanovun cəzası daha ağır olub. 2 oyunluq cəzalanan hücumçu “Xəzər Lənkəran”ı 2000 manat cəriməyə məruz qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR