Türkiyədə üzvlük haqqını verməyən azərbaycanlı rəssamlara xəbərdarlıq edilib

Türkiyədə üzvlük haqqını verməyən azərbaycanlı rəssamlara xəbərdarlıq edilib
# 21 yanvar 2014 16:23 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı Uluslararası Plastik Sənətçilər Dərnəyi (UPSD) üzvlük haqqını ödəməyən Azərbaycanlı rəssamlara xəbərdarlıq edib.

UPSD İdarə Heyətindən APA-nın Türkiyə bürosuna verilən xəbərə görə, Türkiyədə yaşayan və dərnəyin üzvü olan bəzi azərbaycanlı rəssamlara uzun müddətdən bəri üzvlük haqqını ödəmədiyinə görə xəbərdarlıq göndərilib, üzvlük haqqını qısa müddətdə ödəməyən bəzi rəssamların dərnəkdən uzaqlaşdırılacağı bildirilib.

UPSD İdarə Heyətinin üzvü olan şəxs APA-ya bildirib ki, dərnək sənət sahəsində UNESCO-nun Türkiyədə tanıdığı yeganə qurumdur: “Biz Türkiyədə yaşayan azərbaycanlı rəssamları qardaş ölkədən olduqlarına görə dərnəyə üzv qəbul etmişik. Nizamnaməyə görə, dərnəyimiz üzvlük haqları və bəzi başqa tədbirlərdən əldə etdiyi gəlirlərlə varlığını davam etdirir. Dərnəyimizə üzv olmaq Türkiyə rəssamları kimi, Azərbaycan rəssamlarına da həm Türkiyədə, həm də dünyada müəyyən üstünlüklər versə də, təəssüf ki, bəzi sənətkarlarımız üzvlük haqlarını ödəmirlər. Onların içərisində azərbaycanlı rəssamlar da var. Təsəvvür edin ki, 10 il əvvəl dərnəyimizə üzv olmuş bəzi azərbaycanlı rəssamlar sadəcə üzvlük vəsiqəsini alanda 1-2 ayın üzvlük haqqını ödəyiblər, o vaxtdan bəri üzvlük haqqı ödəməyiblər. Biz onlara lazımi xəbərdarlıq göndərib UPSD nizamnaməsinin əlaqədar maddələrini xatırlatmışıq. Əgər yaxın günlərdə üzvlük haqqını ödəməzlərsə, biz də nizamnaməyə uyğun tədbirlər görməyə məcbur qalacağıq”.

Qeyd edək ki, 1990-cı ildə yaradılmış UPSD indiyədər Azərbaycanla təşkilati səviyyədə əlaqələr yaratmaq istəsə də, bunu reallaşdırmaq mümkün olmayıb. Dərnəyin hazırkı başqanı Bədri Baykam azərbaycanlı rəssam Sakit Məmmədovu UPSD-yə üzv qəbul etdiklərini və S.Məmmədovun Bakıdan onlara verdiyi dəstəkdən məmnun olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR