Berlində “Cənubi Qafqazda Enerji Təhlükəsizliyi - Cənub Qaz Dəhlizi və onun geosiyasi mühiti” adlı beynəlxalq konfrans keçirilib

Berlində “Cənubi Qafqazda Enerji Təhlükəsizliyi - Cənub Qaz Dəhlizi və onun geosiyasi mühiti” adlı beynəlxalq konfrans keçirilib
# 01 fevral 2014 10:53 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “BP Avropa” şirkətinin dəstəklədiyi konfransda əsasən Azərbaycanın Cənub Qaz Dəhlizinin formalaşdırılmasındakı strateji rolu və Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfə müzakirə edilib.

Konfransın açılışında DGAP-ın baş katibi Baron Paul von Maltzahn, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov çıxış etmişlər.

Baron von Maltzahn DGAP tərəfindən təşkil olunan bu konfransın həm Avropa İttifaqının (Aİ), həm də Azərbaycanın mövqelərinin geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini qeyd edib.

Səfir Pərviz Şahbazov nitqində hələ 20 il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Azərbaycan və Avropa arasındakı enerji əməkdaşlığının “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə növbəti mühüm mərhələyə daxil olduğunu bildirib. Səfir Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunda ciddi qeyri-sabitlik mənbəyi olduğunu, regional əməkdaşlıq və Aİ ilə enerji tərəfdaşlığının inkişafı üçün də təhlükə yaratdığını bildirib.

Konfransın DGAP-ın prezidenti Eberhard Zandşnayderin moderatorluğu ilə keçən panel müzakirələrinin birinci “Cənubi Qafqazda Enerji Təhlükəsizliyi - Geniş Xəzər regionundan baxış” adlı hissəsində Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov məruzə ilə çıxış edib. O, “Şahdəniz-2”-nin işlənməsinin və Cənub Dəhlizi boru kəməri layihəsinin reallaşmasının birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və texniki cəhətdən ən mürəkkəb layihələrindən hesab olunduğunu bildirib.

Panel müzakirələrində ADA Universitetinin dosenti Elnur Soltanov və Türkiyənin TOBB Universitetinin dosenti Şaban Kardas məruzə ilə çıxış ediblər. Mütəxəssislər ötən ilin dekabrında Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını Azərbaycan qazının Avropaya nəqli istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

Konfransın panel müzakirələrinin ikinci “Cənubi Qaz Dəhlizi - Avro İttifaqının baxışı” adlı hissədə Almaniya Xarici İşlər Nazirliyinin Qloballaşma, Enerji və İqlim siyasəti idarəsinin direktoru Miguel Berger, Aİ Enerji üzrə komissarı kabinetinin üzvü Paula Pinho, Trans-Adriatik Boru kəmərinin (TAP) xarici əlaqələr üzrə direktoru Michael Hoffmann və Oxford Enerji tədqiqatları üzrə institutunun baş elmi işçisi Simon Pirani çıxış ediblər. Aİ Enerji üzrə komissarı kabinetinin üzvü P.Pinho Cənub Qaz Dəhlizinin Aİ üçün də strateji əhəmiyyət kəsb etdiyini söyləyib. M.Berger çıxışında Rusiyanın Avropanın əsas qaz təchizatçısı olaraq qaldığını qeyd edib. Bununla yanaşı, Avropaya yeni enerji dəhlizinin yaradılmasında Azərbaycanın vacib rol oynadığını bildirib. Alman diplomatı həmçinin ikitərəfli iqtisadi münasibətlərimizin çiçəklənmə dövrü yaşadığını və təkcə enerji sahəsini əhatə etmədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR