Azərbaycanda istehlak kreditləşməsinin xüsusi çəkisi 40%-ə çatır

Azərbaycanda istehlak kreditləşməsinin xüsusi çəkisi 40%-ə çatır
# 10 dekabr 2013 14:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşların həcmi 2013-cü il noyabrın 1-nə 14 991,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 347,9 mln. manat və ya 28,8% çoxdur. İlin əvvəlindən kredit qoyuluşlarının həcmi 2 747,7 mln. manat və ya 22,4%, oktyabrda isə 198,1 mln. manat və ya 1,3% artıb.

Əvvəlki dövrlərdəki kimi, kredit qoyuluşlarının tərkibində birinci yeri istehlak kreditləri tutur. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 886,7 mln. manat və ya ümumi həcmin 39,3%-ni təşkil edib. Digər lider sahələrdən isə «İnşaat və əmlak» (15,4%) və «Ticarət və xidmət» (14,9%) sahələrini qeyd etmək olar. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 750,0 mln. manat və ya 42,3% artıb. Qeyd etmək lazımdır ki, bu müddət ərzində aylıq müqayisədə daimi artım müşahidə olunub. Nəticədə, istehlak kreditlərinin xüsusi çəkisi son bir ildə 3,8 faiz bəndi artıb və göründüyü kimi 40% həddinə yaxınlaşır.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi noyabrın 1-nə 783,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 19,5 mln. manat və ya 2,6% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 6,6%-dən 5,2%-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR