Akif Əlizadə: “Azərbaycan ərazisinin işğal edilməsi ölkədə elmin inkişafına da öz mənfi təsirini göstərməkdədir”

Akif Əlizadə: “Azərbaycan ərazisinin işğal edilməsi ölkədə elmin inkişafına da öz mənfi təsirini göstərməkdədir”
# 21 iyun 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda digər sferalarda olduğu kimi, elmin beynəlxalq mühitə inteqrasiya sahəsində də müəyyən problemlər var”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. A. Əlizadə bildirib ki, ilk növbədə sovet elm sistemindən qalma ənənələrin müəyyən səviyyələrdə öz mövcudluğunu qoruyub saxlamasını, elmin beynəlxalq elmi mühitə transformasiyasını ləngitməsini qeyd etmək olar: “İndi elə bir dövrdür ki, sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji sahələrdə sürətli transformasiyalar prosesi gedir. Bu prosesdə elm bir tərəfdən özü məqsədyönlü olaraq transformasiya olunmalı, digər tərəfdən başqa sahələrdəki transformasiyalara dəstək verməlidir. Digər tərəfdən, xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu proseslər mürəkkəb xarakterli qlobal problemlər kontekstində baş verir. Müstəqil Azərbaycan üçün bu prosesləri xüsusi olaraq mürəkkəbləşdirən digər amillər də var. Bu sırada Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini və bu işğalın yaratdığı çoxsaylı sosial və mənəvi-psixoloji problemləri, qaçqınlıq, köçkünlük məhrumiyyətlərini xüsusi olaraq qeyd etmək istərdik. Belə vəziyyət heç şübhəsiz, bütün digər sahələrlə yanaşı, Azərbaycanda elmin inkişafına da öz mənfi təsirini göstərməkdədir”.

A.Əlizadə qeyd edib ki, bu gün Azərbaycan elminin mövcud durumu və inkişaf perspektivləri üzərində düşünərkən qlobal proseslərin xarakteri nəzərə alınmalıdır: “Strateji inkişaf xəttində beynəlxalq strukturlara inteqrasiyanın mühüm yer tutduğu Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələri ilə elmi əməkdaşlığın genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil prosesinin təşkilində beynəlxalq təcrübə mübadiləsindən bilavasitə asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR