Bu gün Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək

Bu gün Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək
# 09 dekabr 2013 08:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün axşam saatlarında Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri öz işinə başlayacaq.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssisləri də müşahidəçi qismində iştirak edəcəklər. Müzakirələrin bu həftənin sonunadək davam edəcəyi ehtimal olunur.

Müzakirələrdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olacaq. Danışıqlarda Tehranı İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejadın rəhbərliyi altındakı nümayəndə heyəti təmsil edəcək. Onların arasında İran Mərkəzi Bankının nümayəndələri də var və məqsəd bu ölkənin banklarına qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün müzakirələr aparmaqdır. “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR