Türkməneli Partiyasının siyasi müşaviri: “Türkiyə hökuməti türkmənləri əllərindəki silahı yerə qoymağa çağırıb”

Türkməneli Partiyasının siyasi müşaviri: “Türkiyə hökuməti türkmənləri əllərindəki silahı yerə qoymağa çağırıb”
# 27 iyun 2014 16:03 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya deyib.

E. Sarıkahya 3 gündür ki, İraq Türkmən Cəbhəsinin (İTC) lideri Ərşad Salehi başda olmaqla, İTC rəhbərliyinin Ankarada olduğunu nəzərə çatdırıb. O bildirib ki, İTC rəhbərliyi həm Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həm də baş nazir Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib: “Mətbuata sızan məlumata görə, Əhməd Davudoğlu Türkiyə hökuməti adından türkmənləri əllərində olan silahı belə yerə qoymağı, peşmərgələrlə əməkdaşlıq etməyi təklif edib. Ərşad Salehi də türkmənlərin ən azı özlərini qorumağa yetəcək silahlarının olduğunu söyləyib. Türkmənləri silahdan uzaq durmağa, peşmərgəyə tabe olmağa çağırıblar. Bu da türkmən xalqı tərəfindən mənfi qarşılanır. Bunun nəticəsində bir neçə gün öncə İraq Türkmən Cəbhəsinin İdarə Heyətində təmsil olunan Münir Kafili Kərkükün ortasında şəhid etdilər. Ərşad Salehinin Ankarada olduğu vaxtda Münir Kafilinin öldürülməsi təsadüf ola bilməz. Türkmənlərə mesaj vermək üçün bu addımı atdılar. Eyni zamanda bununla Türkiyəyə də mesaj verdilər. Türkmənlər içərisində siyasi xadimlər asan yetişmir, yetişən insanları da məhv etməyə çalışırlar. İndi yalnız türkmən gənclər ayaqdadır, bunun da bizə nə dərəcədə faydası olacaq, hələ bilmirik. Bir sözlə, türkmənlər bölgədə yalnızdırlar. Bizə yalnız Türkiyə və Azərbaycandan yemək və geyim yardımı göndərilib”.

E. Sarıkahya İraqda Müqtəda əs-Sədrin çağırışından sonra Sədr Hərəkatı və bu hərəkata bağlı “Mehdi ordusu”nun da hərəkətə keçdiyini vurğulayıb: “Bu qüvvə ilə kürd peşmərgələrin də qarşı-qarşıya gələcəyi istisna deyil. Çünki Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr bəyanat verib ki, həm İŞİD, həm də Şimali İraq Kürdüstan Muxtariyyətinə qarşı könüllü silahlı qüvvə formalaşdırırlar, şiə türkmənlərə sahib çıxacaq və Kərkükdə haqlarını alacaqlar. Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani dünən Kərkükdə peşmərgələrlə birlikdə toplantı keçirdi. Dedi ki, biz əvvəllər çox çətinliklə almağı düşündüyümüz yerləri çox asanlıqda aldıq, peşmərgə qüvvələri olaraq bu torpaqlara sahib çıxacağıq. Məsud Bərzani Kərkükdən çıxan neftin ixrac istiqamətinin də dəyişdiriləcəyini, bu neftin Şimali İraq Kürdüstan Muxtariyyəti üzərindən nəql ediləcəyini söylədi. Buna cavab olaraq İraq baş naziri Nuri əl-Maliki həmin bölgələrin yenidən İraq ordusu tərəfindən geri alınacağını bəyan etdi. Düzdür, indi peşmərgə Kərkükün ətrafındadır, şəhərə daxil olmur, proseslərə qarşımır. Ancaq sabah nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki hər gün bir olay baş verir. Ümumiyyətlə götürsək, bu gün ərəb sünnilərin dəstəyini alan İŞİD istənilən yerə hücum təşkil edə bilir. İŞİD-ə qarşı çıxacaq gücdə olanlar isə kürd peşmərgələr və əs-Sədr qrupudur. İraq baş naziri Nuri əl-Malikinin nə dərəcədə gücə malik olması mübahisə mövzusudur”.

E. Sarıkahya İŞİD-in artıq xristian ərəblər olan süryaniləri də hədəf seçdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR