Bahar Muradova: “Ermənistan nümayəndələrinin ATƏT PA-nın Bakı sessiyasına gəlib-gəlməyəcəkləri barədə məlumat yoxdur” - VİDEO

Bahar Muradova: “Ermənistan nümayəndələrinin ATƏT PA-nın Bakı sessiyasına gəlib-gəlməyəcəkləri barədə məlumat yoxdur” - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 09:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ermənistan nümayəndələrinin ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasına gəlib-gəlməyəcəkləri barədə məlumat yoxdur. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iyunun 28-də Bakıda keçiriləcək ATƏT PA-nın 23-cü sessiyası “Regionda insan təhlükəsizliyi” mövzusuna həsr olunub.

B. Muradova Azərbaycanın artıq hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu söyləyib: “Biz 57 ölkədən nümayəndələr gözləyirik. Azərbaycanda birinci dəfədir belə geniş tədbir keçirilir, ona görə də bu tədbirin əhəmiyyətini xüsusi dəyərləndiririk. ATƏT Parlament Assambleyasının məhz belə bir regionda insan təhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir. Çünki insan təhlükəsizliyi məsələləri bu regionda daha çox narahatlıq doğurur”.

Sessiyada Ermənistanın nümayəndələrinin iştirakına gəlincə, B. Muradova qeyd edib ki, bu, ATƏT PA-nın tədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də bu tədbirdə iştirak edir: “Dəvətlər eyni dərəcədə hər kəsə aiddir. Ermənistan nümayəndə heyəti də digər nümayəndə heyətləri kimi, bu tədbirdə iştirak etməlidir. Artıq bir çox otellərdə həmin müddət üçün yerlər tutulub. Ancaq bu günə qədər Ermənistan nümayəndələrinin gəlib-gəlməyəcəyi ilə bağlı məlumat yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR