Sabirabadda  kənd qadınlarının sosial və iqtisadi imkanlarının genişləndirilməsi mövzusunda regional müzakirə keçiriləcək

Sabirabadda  kənd qadınlarının sosial və iqtisadi imkanlarının genişləndirilməsi mövzusunda regional müzakirə keçiriləcək
# 18 may 2013 10:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan digər 189 üzv dövlətlə birgə 2000-ci ilin sentyabrında BMT Sammitində 2015-ci ilə qədər insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz hissədən ibarət Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, MİM-lərə nail olmaq üçün müəyyən edilmiş vaxt azaldıqca BMT-nin Azərbaycandakı ofisi hökumət və digər tərəfdaşlarla birgə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf gündəliyinə dair müzakirələrin bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədilə milli məsləhətləşmələrə başlayıb. Gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və bu, 2015-ci ildən sonrakı qlobal məsləhətləşmələrdə önəmli yer tutur. Mayın 20-də 2015-ci ildən sonrakı inkişaf gündəliyinin və BMT təşəbbüsünün bir hissəsi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Sabirabadda kənd qadınlarının sosial və iqtisadi imkanlarının genişləndirilməsi mövzusu ətrafında regional müzakirə keçirəcək.

Məsləhətləşmə zamanı gender bərabərliyi və kənd qadınlarının imkanlarının genişləndirilməsi, o cümlədən Sabirabad və digər qonşu regionlarda ailə üzvlərinin miqrasiyası və bunun qadınlara təsiri mövzularına toxunulacaq. Tədbir eyni zamanda fikir mübadiləsi və bu mübadilədən doğan əsas mesajları paylaşmaq üçün imkan yaradacaq, qlobal və milli prioritetlərin formalaşdırılması üçün vacib olan məsləhətləri özündə əks etdirəcək. Milli məsələtləşmələr “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasındakı inkişaf prioritetləri ilə uyğunlaşdırılır. Mayın sonuna kimi müxtəlif tərəfdaşlar, biznes sektoru, region gəncləri və qadınlar, QHT-lər və media və 2015-ci ildən sonrakı inkişaf məsələləri ilə bağlı müzakirələr aparılacaq. İyun ayının ortalarına planlaşdırılmış təqdimetmə seminarlarında məsləhətləşmələr nəticəsində toplanmış ideya və təkliflər bütün aidiyyəti tərəfdaşlar tərəfindən təsdiq ediləcək və iyunun sonuna qədər BMT hesabatına daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR