Rusiya Azərbaycanlı Gənclər Təşkilatı QİÇS-lə mübarizəyə həsr olunmuş tədbir keçirib - FOTO

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı QİÇS-lə mübarizəyə həsr olunmuş tədbir keçirib  - <span style="color: red;">FOTO
# 23 noyabr 2013 15:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyada noyabrın 29-na kimi “QİÇS-lə mübarizə həftəsi” elan edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), Ümumdünya Səhiyyə Təşkilatı və Moskva Dövlət Tibb Universiteti bu mövzuda tədbir təşkil ediblər.

Tədbirdə bildirilib ki, Rusiyada QİÇS-ə yoluxanların sayı Afrika ölkələrində bu virusdan əziyyət çəkənlərlə müqayisədə 2 dəfə çoxdur. RAGT-in nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev çıxşında Rusiya cəmiyyətində bu xəstəliyin əsas köklərinin narkomaniya ilə bağlı olduğunu söyləyib.

Moskva Dövlət Tibb Universitetinin prorektoru Pyotr Frantseviç çıxışında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının universitetdə tez-tez bu kimi tədbirlərin təşkil etdiyini və bunun alqışa layiq olduğunu deyib: “RAGT bizim universitetdə tez tez sağlamlığa xidmət edən layihələrlə çıxış edir. Olduqca mütəşəkkil təşkilatdır. QİÇS-ə gəldikdə isə bir zamanlar tauna qarşı mübarizənin çarəsi yox idi, indi isə bu infeksiya cəmiyyət üçün böyük problem olub. Amma biz, müəllimlər, həkimlər, ictimai qurumlar, o cümlədən RAGT bu kimi problemlərə qarşı mübarizəmizi davam etdiririk”.

2011-ci ildə Rusiya gözəli seçilmiş Natalya Kantimurova çıxışında dünyanın əsas problemlərindən birinə qarşi mübarizədən kənarda qalmağın mümkün olmadığını vurğulayıb: “QİÇS-ə yoluxan insanların sayının artması həm də məlumatsızlıqdandır. Bu haqda çox danışmaq lazımdır. Rusiyanın hər yerində bu mövzuya diqqət artmalıdır. QİÇS artıq bizim cəmiyyətimizin böyük bəlasıdır. Mən də bu layihəyə qoşulmaqla mübarizənin iştirakçisi kimi nəsə etməyə çalışıram”.

Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı layihəni noyabrın 25-də Vladimir, 28-də isə Kaluqa şəhərlərində davam etdirəcək. Kampaniyanın qapanış mərasimi noyabrın 29-da Bakıda, Azərbaycan Dövlət Tibb Universitetində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR