Hüquq müdafiəçisi Zakir Həsənovla görüşüb

Hüquq müdafiəçisi Zakir Həsənovla görüşüb
# 07 aprel 2014 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov görüşdə insan hüquq və azadlıqları, nazirliyə məxsus hərbi hissələrdə monitorinqlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığın müzakirə olunduğunu deyib: “Görüşdə nazirdən əsgərlərə qarşı münasibət haqqında soruşdum. Zakir müəllim bildirdi ki, əsgərlərin və zabitlərin hüquqları qorunur. Əsgərlərə və zabitlərə qarşı qeyri-insani rəftar edən şəxs orduda qulluq edə bilməz. O bildirdi ki, əvvəllər əsgərlər yeməkxananı yığışdırmağa, yemək bişirməyə və ayaqyolunu təmizləməyə göndərilirdilər ki, bu da narazılıqla qarşılanırdı. Lakin hazırda bu cür işləri qadın işçilər həyata keçirirlər. Görüş zamanı əsgərlər arasında yayılan xəstəliklərlə bağlı da söhbətimiz oldu. Zakir Həsənov bildirdi ki, əsgərlər arasında xəstəliklərin yayılması halları getdikcə azalır. Nazir Hərbi Dəniz Qüvvələrindəki həbslərlə bağlı isə bildirdi ki, korrupsiya ilə məşğul olan şəxslər orduda xidmət edə bilməz, onlar qanun qarşısında cavab verməlidirlər. Bəzi generalların işdən çıxarılması məsələsinə gəlincə, nazir bildirdi ki, işdən çıxarılanlar yaş həddinə çatmış şəxslərdir. Gənc zabitlərə daha çox imkan yaradılmalıdır” .

E. Behbudov nazirliklə sıx əməkdaşlıq edəcəklərini, hərbi hissələrdə monitorinqlər keçirəcəklərini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR