Heydər Əliyev Mərkəzində dünya şöhrətli britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində dünya şöhrətli britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2014 21:54 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən tanınmış heykəltəraş T.Kreqq bu tədbirə dəstək olan hər kəsə minnətdarlığını bildirib: "İlk olaraq sərginin keçirilməsində göstərdiyi dəstəyə və dəvətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova və Mərkəzin kollektivinə də təşəkkür edirəm. Düşünürəm ki, bu sərgi çox maraqlı olacaq. Sərgidə Avropanın bir sıra qalereyalarında nümayiş etdirilən əsərlərlə tanış olacaqsınız".

Heykəltəraş yeniyetmə yaşlarından incəsənət sahəsinə marağı olduğunu bildirib, lakin atasının onun bu istəyinə qarşı çıxdığını deyib: "Kənardan baxan şəxslərə bu sahə darıxdırıcı gələ bilər, lakin düşünrəm ki, bu belə deyil. Heykəltəraşlığı digər sahələrdən seçən və ayıran məqam ondan ibarətdir ki, burada məhz yaradıcı, qeyri-adi proseslər və obyektlər yaratmaq lazımdır. Heykəltəraşlıq ən dinamik inkişaf edən mədəniyyət sahələrindən biridir”.

Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov çıxışında deyib: "Bildiyimə görə, bu gün Toni Kreqqin 65 yaşı tamam olur. Məncə, hər şey irəlidədir, ümid edirəm ki, biz onun yeni gözəl əsərlərini təkcə sərgilərdə deyil, bizim şəhərdə də görəcəyik". Ö.Eldarov T.Kreqə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri professor diplomu və mantiyasını təqdim edib.

Bakıda ilk dəfə təşkil olunan sərgidə müəllifin 28 möhtəşəm əsəri nümayiş olunur. T.Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib. Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirir.


Qeyd edək ki, T.Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kataloqda oxuculara müraciətində bildirib: "Geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi unikal və gözəl binada - Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz valehedici və cəzbedici sənət nümunələrinin - polad, şüşə, keramika, plastik, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır".


Nəşrdə, həmçinin T.Kreqq yaradıcılığı haqqında məlumat verilir, onun yaradıcılıq nümunələri - müxtəlif materiallardan olan əsərləri təqdim olunur.


Qeyd edək ki, izləyicilər üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR