II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 31 ölkədən 68 film yarışacaq - FOTO - VİDEO

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 31 ölkədən 68 film yarışacaq - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 15:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) başlayır.

APA-nın xəbərinə görə, festivalın başlanması münasibətilə keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, iyunun 25-dən 29-dək davam edəcək festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub: “Artıq bu festival ənənə xarakteri daşıyır. Ölkədə turizmin inkişafı üçün çox işlər görülür. Festival keçirilməsi də bu işlərə xidmət edən tədbirlərdən biridir. II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına ötən dəfəkindən 2 dəfə çox filmlər təqdim olunub. İlk dəfə İran, Avstraliya, Yeni Zelandiyadan filmlər bu festivalda nümayiş olunacaq”.


Festivalın Münsiflər heyətinin sədri kinorejissor, kinoşünas, prodüser Ayaz Salayev bildirib ki, festivalın keçirilməsinin çox böyük perspektivləri var. Onun sözlərinə görə, festival rejissorlar arasında təcrübənin qarşılıqlı olaraq öyrənilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına imkan verəcək. Bundan əlavə, kinolar vasitəsilə insanları digər ölkələrə gəzmək imkanları üçün daha geniş şərait yaranacaq.


Müsabiqə proqramında 7 Azərbaycan filmi də iştirak edir. Festivalın seçim komissiyasına ümumilikdə 58 ölkədən 405 film göndərilib. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Müsabiqə üçün seçilən 31 ölkədən 68 film 6 kateqoriya üzrə yarışacaqlar. İyunun 26-27-28-də hər gün saat 14:00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq.


Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə - Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə - Gümüş mükafat - diplom və mükafat, III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.


Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının informasiya dəstəyi APA Holdinqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR