Mirmahmud Mirəlioğlu: “İstənilən partiyanın Milli Şuradan çıxmasının adı artıq başqa olacaq”

Mirmahmud Mirəlioğlu: “İstənilən partiyanın Milli Şuradan çıxmasının adı artıq başqa olacaq”
# 04 dekabr 2013 15:38 (UTC +04:00)

Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, Milli Şurada Rüstəm İbrahimbəyova fəxri sədr statusu verilməsi ilə bağlı səsvermə artıq arxada qalıb və qərar qəbul ediləndən sonra bu məsələlərə qayıdılması doğru deyil.

KXCP sədri bildirib ki, qəbul edilmiş qərar bəhanə yox, səbəb kimi kiməsə lazımdırsa, bu, başqa məsələdir: “Bundan sonra istənilən partiyanın Milli Şuradan çıxmasının adı artıq başqa olacaq. Hər kəsin Milli Şurada qalması, getməsi sərbəstdir, kimsənin, o cümlədən Müsavat Partiyasının daxili işlərinə qarışmaq da doğru deyil. Müsavat Partiyası da təbii ki, kiminsə daxili işlərinə qarışmaq niyyətində olmaz. Müsavat Partiyasının Milli Şuranı tərk edəcəyi halda məsələ bir az fərqli olacaq. Çünki təsisçilərin biri istefa verirsə, bir qismi gedirsə, bir qismi yola salınırsa, bir qismi də bundan sonra yola salınacaqsa, artıq bu qurumun adında, fəaliyyətində, Əsasnaməsində dəyişikliklər vacib olacaq”.

KXCP-nin Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təklifini sessiyada geri götürdüyünü söyləyən M.Mirəlioğlu deyib ki, partiya nümayəndələri Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsini dəstəkləyiblər: “KXCP Milli Şuranın gücləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması və həyata keçirilməsi istiqamətində qəbul edilən qərarlara uyğun addımlar atacaq. Partiyamız Milli Şuranın gücləndirilməsinin tərəfdarıdır. Ancaq Milli Şura olmayacaqsa, bunu da faciə hesab etmirik. Yəni birgə fəaliyyət mümkündürsə, fəaliyyət göstərəcəyik, mümkün deyilsə, zorla birgə fəaliyyət, müttəfiqlik olmaz”.

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyasında Müsavat başqanı İsa Qəmbər bəyan edib ki, başqa bir ölkənin vətəndaşı Milli Şuranın fəxri sədri olarsa, Müsavat Partiyası və tərəfdarları bu qurumda təmsil oluna bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR