Nazpəri Dostəliyevanın vəkili: “İlhamə Quliyeva birinci instansiya məhkəməsinə dövlət rüsumu ödəməyib”

Nazpəri Dostəliyevanın vəkili: “İlhamə Quliyeva birinci instansiya məhkəməsinə dövlət rüsumu ödəməyib”
# 10 sentyabr 2013 13:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Qarşı tərəf kütləvi informasiya vasitələrində düzgün olmayan məlumat yayır. Bakı Apellyasiya məhkəməsinə biz şikayət etmişik. Biz məhkəmənin çıxardığı 50 min manat cərimə qərarı ilə razı deyilik. Çünki məhkəmənin qətnaməsi həm qanunsuzdur, həm də əsaslı deyil”

Bunu APA-ya açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev

xalq artisti İlhamə Quliyevanın məhkəmə qərarından apellyasiya şikayəti verməsi və Nazpəri Dostəliyevadan 700 min manat təzminat istəməsi barədə verilən açıqlamaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qarşı tərəf birinci instansiya məhkəməsinə dövlət rüsumu ödəməyib: “Onlar müraciət edəndə dövlət rüsumu ödəməyib. Qanunvericiliyin tələbi ilə birinci instansiya məhkəməsinin hakimi həmin işi icraata qəbul etməkdən imtina edərək, sənədləri iddiaçıya qaytarmalıdır. Amma qətnamə çıxarılıb. Ona görə də, həmin məsələ apellyasiya məhkəməsi hakimlərinin boynuna düşür. Onlar məcburən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli, iş üzrə icraata xitam verməli, sənədləri də iddiaçıya qaytarmalıdırlar”.

Vəkil İ.Quliyevanın apellyasiya şikayəti verməsi barədə məlumatları təkzib edib: “Qanunvericiliyin tələbi ilə iş bizim apelyasiya şikayəti üzrə göndərilib. Ümumiyyətlə, onların birinci instansiya məhkəməsinə müraciəti qanuna ziddir. Təkrar edirəm ki, məhkəmə həmin iddia ərizəsini bütün sənədləri ilə birlikdə dövlət rüsumu ödəmədiyi üçün geri qaytarmalı idi. İndi Bakı Apellyasiya Məhkəməsi məcburən tam işi yerinə yetirməlidir. Qətnaməni ləğv edib, iş üzrə icraata xitam verməli, sənədləri geri qaytarmalıdır. Əgər qaytarmasa, deməli, məhkəmə növbəti dəfə qanunu pozacaq”.

Xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında bildirib ki, dövlət rüsumunun ödənilmədiyi ilə bağlı iddia əsassızdır: “Bizim sənədlərimiz Bakı Apellyasiya məhkəməsi tərəfindən qəbul edilib. Biz dövlət rüsumunu ödəmişik. Rüsum ödənilməsəydi, məhkəmə 50 min manat cərimə kəsə bilməzdi. Əgər belə olsaydı, bizim apelyasiya şikayətimiz ləğv olunardı. Bizim işimiz qanuni əsaslıdır. İlhamə xanım 50 min manat cərimə ilə razılaşmır”.

Xatırladaq ki, İlhamə Quliyeva Nəsimi rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq, qarşı tərəfin maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR