Türkiyəli ekspert: “İŞİD-in güclənməsinə Qərb ölkələrinin Suriya ilə bağlı atdıqları səhv addımlar səbəb oldu” - MÜSAHİBƏ

Türkiyəli ekspert: “İŞİD-in güclənməsinə Qərb ölkələrinin Suriya ilə bağlı atdıqları səhv addımlar səbəb oldu” - <span style="color: red;">MÜSAHİBƏ
# 26 iyun 2014 07:51 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı Bahçeşehir Universiteti Strateji araşdırmalar mərkəzinin rəhbəri, terrorizm və Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis Ərcan Çitlioğlunun APA-ya müsahibəsi

- Ultraradikal islamçı İŞİD terror təşkilatının ortaya çıxaraq Suriyanın şimalında dövlət elan etməsi, daha sonra isə İraq torpaqlarına hücum edərək Türkiyənin Mosuldakı Baş Konsulluğundan 48 nəfəri girov götürməsini siz necə şərh edirsiniz?

- Türkiyədə və dünyada İŞİD-in adı Suriyadakı vətəndaş müharibəsi vaxtı yaxaladıqları əsgərləri küçənin ortasında güllələyərkən çəkilmiş görüntülərin internetə düşməsindən sonra bəlli oldu. Elə isə İŞİD-in yarandığı yer Suriya yox, İraqdır. Amerikan işğalından sonra İraqın Əl-Anbar əyalətində yaradılan müqavimət təşkilatıdır.

- Amerikan işğalı vaxtı müqavimət hərəkatı necə yarandı?

- ABŞ-ın İraqı işğalı sünnilərin hakimiyyətdən tamamilə uzaqlaşdırılması məqsədini güdürdü, ona görə də sünni təbəqə həm işğala, həm də şiə hakimiyyətinin onları əzməsinə qarşı müqavimət təşkilatları yaratmışdı. Qurucu lideri öldürüldü. Suriya BAAS-ı ilə İraq BAAS-ı arasında yaxın əlaqə olduğuna görə, İŞİD-in Suriyada da özünə hegemonluq sahəsi yaratması, bir növ, çətin olmadı. Başlanğıcda “Əl-Qaidə” ilə birlikdə hərəkət edən İŞİD, daha sonra “Əl-Qaidə” ilə yollarını ayıraraq onun bir qolu olan “Əl-Nusra” ilə savaşmağa başladı. “Əl-Nusra” belə İŞİD-in insanları qətl etməsini çox radikal saydığını açıqlamışdı. İŞİD-in bugünkü əməllərini bölgədə 12 ildən bəri cərəyan edən proseslərin işığında təhlil etmək lazımdır.

- Həm hökumətin yeni xarici siyasət konsepsiyası, həm də Qərblə əməkdaşlıq planları çərçivəsində Türkiyənin Suriyadakı rejimi devirməyə “angaje” olması özünün sərhədlərinin təhlükəsiz duruma düşməsinə səbəb oldu. İŞİD-in bunun nəticəsində bölgədə qol-qanad açdığı iddia edilməkdədir. Türkiyə və Qərb bunu əvvəlcədən niyə görə bilmədi?

- Qeyri-təhlükəsiz vəziyyətə gələn təkcə Türkiyə-Suriya sərhədi deyil; İraq-İordaniya sərhədi və İraq-Suriya sərhədi də eyni vəziyyətdədir. Bu prosesdə Türkiyə və Qərbin bütün ölkələri hesablamalarında yanıldılar. Belə ki, Tunis, Misir və Liviyadakı proseslərə baxaraq, eyni ssenarinin Suriyada da təkrarlanacağını düşündülər. Tunisdə ordu tamamilə neytral qaldı; Misirdə də son ana qədər ordu nə Mübarəki müdafiə etdi, nə də xalqın tərəfinə keçdi. Liviyada isə nizam-intizamlı ordu yox idi, Qəddafinin və əşirətlərin əsgərləri vardı, onlar da qısa müddətdə öz aralarında savaşmağa başladılar. Qərb ölkələri və Türkiyə elə bildilər ki, qısa müddətdə Suriya ordusu mövqeyini dəyişdirərək rejimin yox, xalqın tərəfini saxlayacaq. Bu proqnoz Türkiyəni və Qərbi yanıltdı. Suriya ordusu komandirlərinin çoxu keçmiş SSRİ-də, daha sonra isə Rusiyada təhsil və təlim görüblər, onların doktrinasında dövlət hakimiyyətdəki rejimdən ibarətdir və nə bahasına olursa-olsun, ordu rejimi qorumalıdır. Suriya ordusunun komandirləri rejimə qarşı yönəlmiş təhdidi ölkəyə qarşı yönəlmiş təhdid kimi qiymətləndirərək rejimin tərəfini saxladılar. Qərbin və Türkiyənin yanıldığı nöqtə budur. Suriya ordusunun komandanlarının əksəriyyəti ələvi-nusayrilərdir. Proseslər başlayanda ordudan təxminən 20 min nəfər sünni zabit və əsgər qaçdı ki, bu da ordunun dağılması və zəifləməsinə kifayət etmir. Bir ordunun zəif düşməsi və ya dağılması üçün komandir və əsgərlərin ən azı 25-30%-nin ordudan ayrılması lazımdır. Suriya ordusunun sadəcə, 8%-i ordu sıralarını tərk etmişdi. Hələ Hafiz Əsədin vaxtında Suriyada nusayrilərdən ibarət xüsusi təyinatlı hərbi hissələr vardı, indi onun başında Bəşər Əsədin qardaşı durur; digər xüsusi təyinatlı hərbi-kəşfiyyat qüvvələrinin başında da Əsəd ailəsinin mənsub olduğu ələvi-nusayri məzhəbindən komandirlər durur, ordunun bütün pilotları nusayridir. Bütün bunları nəzərə almadan Əsəd rejiminin ən qısa müddətdə devriləcəyini hesablamaq yanlış idi. İkinci yanlış isə Suriya kəşfiyyatının gücünün düzgün təhlil edilməməsiydi. Rəqəmdə yanıla bilərəm, ancaq Suriyada təxminən 18 kəşfiyyat təşkilatının olduğunu bilirəm, onlar hamısı gizli şəkildə bir-birlərinə nəzarət edirlər. Kəşfiyyatın da vəzifəsi Əsəd rejimini qorumaqdır. Bu cəhətlər nəzərə alınmadığına görə, işlər bu nöqtəyə gəldi. Səhvləri təkcə Türkiyə etmədi, bütün Qərb ölkələri eyni səhvləri etdilər.

- Bəs Qərb ölkələri terror təşkilatlarının bölgəyə yerləşərək orada bu qədər fəallaşmasına niyə göz yumdular?

- Qərb ölkələri elə bildilər ki, Əsəd ən qısa müddətdə devriləcək, ona görə radikal terror təşkilatlarının bölgədə fəallaşacağını da hesablaya bilmədilər. Əgər Əsəd 3 ayda devrilsəydi, onda nə İŞİD olacaqdı, nə də sayı təxminən 40 olan radikal terror təşkilatı orada özlərinə fəaliyyət sahəsi tapa biləcəkdi. Suriyada vətəndaş müharibəsinin başlamasından 3 il keçdi, dördüncü ilə girilib. Gəldiyimiz nöqtədə Əsədin bir an əvvəl getməsini istəyən dövlətlər radikal islamçı təşkilatlarla mübarizə etməsi üçün Əsədə dəstək verməyə başladılar. Eyni şəkildə İranı terrorçu dövlət kimi görən və xarakterizə edən ölkələr, xüsusilə, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin dəstəyini alan vəhhabi mənşəli təşkilatlarla mübarizə aparmaq üçün İranın dəstəyinə möhtac vəziyyətə gəldilər. Xatırlayın, bundan 6 ay əvvəl İrana qarşı hərbi əməliyyatların nə vaxt keçiriləcəyi gündəmdə ikən bu gün ABŞ İran ilə birbaşa əlaqə yaradaraq radikal vəhhabi təşkilatlarının aradan qaldırılması üçün əməkdaşlıq təklif edir. Daşlar yer dəyişdirdi.

- İŞİD-in və digər radikal islamçı terror təşkilatlarının sıralarında Qərb ölkələrinin də xeyli vətəndaşı var. Terror təşkilatları Qərbin də gözünün qabağında necə güc qazana bilir?

- İŞİD-in və digər radikal terrorçu təşkilatların sıralarında Türkiyədən olduğu kimi, Almaniya, İspaniya, Belçika, Hollandiya, Fransadan gedənlər də var. Əgər yaşadığınız ölkədə daim aşağılanırsınızsa, o ölkənin imkanlarından siz də başqaları kimi istifadə edə bilmirsinizsə, özünüzü məzlum yerində görərsiniz və bu duyğu bir müddətdən sonra sizdə intiqam hisslərini gücləndirər.

- Bu, Avropa üçün də keçərlidirmi?

- Təbii. Suriyadakı vətəndaş müharibəsi bitəndən sonra orada İŞİD, “Əl-Nusra” və digər təşkilatların sıralarında savaşan insanlar öz ölkələrinə qayıdacaqlar. Onların hamısının vuruşma təcrübəsi var, ölməkdən qorxmurlar. Gələcək illərdə biz Avropanın müxtəlif ölkələrində bunun əks-sədalarını eşidəcəyik.

- İlk dəfə Türkiyənin xaricdəki konsulluq missiyası işğala məruz qalıb və 48 nəfər 20 günə yaxındır ki, İŞİD terror təşkilatının girovundadır. Bu prosesi siz necə dəyərləndirirsiniz?

- 70-80-ci illərdə ASALA erməni terror təşkilatı Türkiyənin xaricdəki diplomatik missiyalarına hücum etmişdi. Diplomatlarımız şəhid edilmiş, Fransa, Kanada, İsveçrədəki səfirliklərimizə girmə cəhdləri olmuşdu. Ancaq Türkiyənin bir əcnəbi ölkədəki konsulluq missiyasına girilərək oradakı əməkdaşların və ailələrin girov götürülməsinə və onların 3 həftədən bəri xilas edilməməsinə ilk dəfə rast gəlirik. Mosul Baş Konsulluğu daha əvvəl boşaldıla bilməzdimi? İctimaiyyət bu sualın cavabını axtarır. Fikrimi bu şəkildə izah edəcəyəm; Türkiyənin istər Orta Şərqdə, istərsə də İraqda bir bölgə gücü olma iddiası var. Bu iddiaya sahib olan bir ölkə ortaya təhlükə çıxan kimi diplomatik missiyasını boşaldıb oranı tərk edər və bayrağını endirərsə, iddiasına zərər gələr. Məncə, Ankaraya bu əndişə hakim olub. Problemin həlli yolu tapılanda artıq gec idi.

- Bir vaxtlar Qərb ölkələri Əfqanıstandan öz diplomatik missiyalarını çıxararkən gücsüz oldularmı?

- Hal-hazırda Bəsrəyə yönəlmiş bir təhdid və təhlükə varmı? Türkiyə oradakı konsulluğunu boşaltdı. Yaxşı, siz Bəsrədə təhdid və təhlükə yox ikən ordakı konsulluğunuzu boşaldırsınız, İŞİD Mosulun qapısına gələndə oradakı baş konsulluğumuz niyə boşaldılmadı? Mən bunun səbəbini bu şəkildə izah edirəm:

1) Hökumətin Orta Şərqdə və İraqda güclü olma iddiası zərər görər və etibarını zədələyər;

2) Baş nazirin icra aparatına və XİN-ə bölgədən lazımi dərəcədə kəşfiyyat məlumatları gəlmədi.

İŞİD-un Mosula bu qədər sürətlə hakim ola biləcəyi, İraq ordusunun silahları buraxaraq Mosulu tərk edəcəyi əvvəlcədən proqnozlaşdırılmayıb ki, bu da kəşfiyyatın zəifliyidir. İndi bütün xəbərlərdə İŞİD-in İraqda irəliləməsindən və müxtəlif bölgələri işğal edərək orada öz hakimiyyətini qurmasından söhbət gedir. İŞİD-in arxasında İraqdakı sünni qüvvələrinin dəstəyi var. Arxasında bu şəkildə dəstək olmazsa, İŞİD-in İraqda bu şəkildə rahat irəliləməsi mümkün olmaz. Yaranmış vəziyyət İraqın 3 yerə parçalanacağı ehtimalını gücləndirib. Bir vaxtlar Türkiyə üçün “qırmızı çizgi” olan Kərkükə İraq Kürdüstanı bölgəsindəki üsuli-idarənin başqanı Məsud Bərzani 2 batalyon peşmərgə göndərib, bundan sonra onların Kərkükü tərk edəcəyinə inanmıram. Şimali İraqdakı türkmənlərin qorunması üçün Türkiyə lazımi addımları atsa da (oraya birbaşa müdaxilə mümkün deyil), bundan sonra Şimali İraqdakı kürdlərin müstəqil dövlət elan etməsinin qarşını da heç nəyin ala bilməyəcəyini düşünürəm. Məncə, bir müddətdən sonra İraqda hal-hazırda əməkdaşlıq etdiyi qüvələr İŞİD-i çıxdaş edəcəklər, ancaq onun tamamilə ləğv edilməsi xeyli vaxt alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR