Səttar Mehbalıyev: “Sahibkarlar iş yerlərində təhlükəsizlik qaydalarına riayət etməlidir”

Səttar Mehbalıyev: “Sahibkarlar iş yerlərində təhlükəsizlik qaydalarına riayət etməlidir”
# 26 sentyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Azərbaycanda əmək mühafizəsinin pozulması nəticəsində nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır.

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AHİK əməyin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirir: “Sovet dövründə mütəmadi olaraq iş yerlərində əməyin mühafizəsi ilə bağlı ildə iki-üç dəfə yoxlamaların aparılması ilə yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilirdi. Əməyin mühafizəsi insanları düşündürən ən mühüm məsələlərdən biridir. Hazırda da bu cür tədbirlər davam etdirilir”.

S.Mehbalıyevin sözlərinə görə, iş yerlərində zamanında təhlükəsizlik qaydalarına riayət edilmədikdə bədbəxt hadisələr baş verir və bu hadisələr vətəndaşların narahatlığına səbəb olur.

AHİK sədri yenidən sahibkarlara müraciət edərək bildirib ki, hər kəs iş yerlərində bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına riayət etməli, qabaqlayıcı tədbirlər həyata keçirməli, işçilər üçün normal iş şəraiti qurulmalıdır: “Azərbaycanda əməyin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlarda lazım olan konvensiyalara qoşulub və bunu qəbul edib. Bunun üçün AHİK-ə üzv olan bütün təşkilatlar və o cümlədən müvafiq dövlət qurumları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar) maarifləndirmə tədbirlərini davam etdirir”.

S.Mehbalıyev onu da əlavə edib ki, hazırda AHİK tərəfindən nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır: “Eyni zamanda statistikada əsasən əmək qanununun pozulması, qeyri-qanuni işdən azad olunmalar, məhkəmə və ya digər vasitələrlə işə bərpa olunma təhlil olunub və bunun üçün toplantı keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR