Akif Muradverdiyevin cinayət işinin istintaqı yaxın günlərdə yekunlaşacaq

Akif Muradverdiyevin cinayət işinin istintaqı yaxın günlərdə yekunlaşacaq
# 05 sentyabr 2013 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev barəsində cinayət işinin istintaqı yaxın günlərdə yekunlaşacaq.

Bu barədə APA-ya açıqlamasında A. Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə bildirib.

R. Mirmehdizadə A. Muradverdiyevin F. Ağayevdən imtina edərək, onunla müqavilə bağlaması barədə xəbərlərə də münasibət bildirib: “Mən əvvəldən Akif Muradverdiyevin vəkili olmuşam. Keçən dəfə həbs olunandan da, indi də əvvəl gündən onun vəkiliyəm. Akif Muradverdiyevin digər vəkil Fuad Ağayevdən imtina etməsinin səbəblərini isə bilmirəm. Bu, Akif Muradverdiyevin öz işidir”.

Vəkil A. Muradverdiyevin səhhətində problemlərin olduğunu da deyib.

Qeyd edək ki, A. Muradverdiyev bir müddət əvvəl digər vəkili Fuad Ağayevdən imtina edib.

A. Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR