Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Şurasının baş katibi ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Şurasının baş katibi ilə görüşüb - <span style="color: red;">FOTO
# 03 aprel 2014 15:23 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, görüşdə Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycanın təşkilatda qarşıdan gələn sədrliyi və sədrlik dövrünün prioritetləri müzakirə edilib.

M. Məmmədquliyev APA-ya açıqlamasında bildirib ki, görüşdə əsas məqsəd Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) qarşıdan gələn sədrliyini müzakirə etmək olub: “Bilirsiniz ki, may ayında Azərbaycan ilk dəfə olaraq bu təşkilata sədrlik edəcək. Mənim də bura gəlişimin və söhbətimin əsas məqamı ondan ibarətdir ki, AŞ-da bizim sədrliyimiz çərçivəsindəki gündəliyimiz haqda onlara məlumat verək. Biz Azərbaycanda bu gündəliyin üzərində işləmişik və bu gün biz onun artıq hazır olduğunu düşünürük. Ona görə də biz bu gün bunu rəsmi olaraq AŞ-nin baş katibinə təqdim etdik. Onlar indi bu məsələni nəzərdən keçirməlidirlər. Ola bilsin ki, hansısa ölkə tərəfindən düzəlişlər olsun və ya şərhlər verilsin. Onlar da, biz də buna baxa bilərik. Amma sənəd tez bir zamanda Avropa Şurası tərəfindən də qəbul olunmalıdır ki, biz artıq may ayından, sədrliyimizi qəbul etdikdən sonra bu işlərə başlayaq”.

Azərbaycanla Avropa Şurası arasında qəbul olunması gözlənilən Fəaliyyət Planına toxunan nazir müavini, bu sənədin də tezliklə qəbul olunacağını söyləyib: “Hələ ki bu plan AŞ tərəfindən təsdiq edilməyib, amma söz verdilər ki, yaxın günlərdə təsdiqlənəcək. Aprel ayının 22-24-də baş katib Azərbaycana səfər etməlidir və bu səfər çərçivəsində rəsmi olaraq Fəaliyyət Planının işə başlaması elan olunacaq”.

Qeyd edək ki, bu ilin mayın 5-də AŞ Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçəcək. Azərbaycan quruma sədrliyi Avstriyanın paytaxtı Vyana şəhərində AŞ NK-nin xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantısında qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR