Dövlət Komitəsi məcburi köçkünlərin yaşadıqları qəsəbələrin necə idarə olunacağını açıqlayıb

Dövlət Komitəsi məcburi köçkünlərin yaşadıqları qəsəbələrin necə idarə olunacağını açıqlayıb
# 22 noyabr 2013 15:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” 2007-ci il 1 mart tarixli 47 saylı qərarında dəyişiklik etməsini zəruri edən səbəbləri açıqlayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınmış yaşayış məntəqələrinə müasir tələblər səviyyəsində xidmət göstərmək üçün Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyində Bakı şəhərinin Binəqədi, Sabunçu, Qaradağ rayonları, Mingəçevir, Yevlax, Şəki, Gəncə şəhərləri, Ağdam, Beyləqan, Biləsuvar, Füzuli, Saatlı, Sabirabad, Goranboy, Abşeron, Ağcabədi, Qəbələ, İsmayıllı, Göygöl, Şabran və İmişli rayonlarında mənzil-kommunal istismar sahələri (MKİS) yaradılıb.

Nazirlər Kabinetinin qərarındakı dəyişiklikdə isə qeyd olunur ki, seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmərtəbəli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki MKİS-lər tərəfindən həyata keçiriləcək.

Mənzil Məcəlləsinin 143-cü maddəsinə əsasən, bütün sahələri dövlətin və ya bələdiyyənin mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətində belə bina olan müvafiq bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil edilmiş açıq müsabiqənin nəticələrinə əsasən seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir: “Hazırda respublikada bu cür idarəçiliklə məşğul olan müəssisələrin son dərəcədə az sayda olması və ümumiyyətlə indiki zamanda dövlət mülkiyyətində olan yaşayış sahələrinin və onların yerləşdiyi ərazilərin idarəedici təşkilatlar tərəfindən idarə edilməsi istiqamətində yetərincə formalaşmış təcrübə olmadığı üçün Nazirlər Kabinetinin müvafiq qərarında belə bir dəyişikliyin edilməsi zəruri hesab olunub. Eyni zamanda məcburi köçkünlərin yeni yaşayış sahələri ilə təmin edilməsi dövlətimiz üçün prioritet məsələdir. Hesab edirik ki, bu dəyişiklik həmin məqsədlə salınmış yaşayış məntəqələrinin saxlanılması, orada olan əhaliyə müasir səviyyədə kommunal xidmətlərin göstərilməsi işinə prezidentin sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramının ümumi ruhundan, dövlətin məcburi köçkün ailələrin sosial tələbatlarının təmin edilməsini bilavasitə öz öhdəliyinə götürməsi və ümumiyyətlə, məcburi köçkünlərin məskunlaşdıqları yeni yaşayış məntəqələrinin idarə edilməsindəki hazırkı reallıqlardan irəli gəlib. Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki MKİS-lər məcburi köçkünlərin yaşayış məntəqələrində kommunal xidmətlərin göstərilməsi sahəsində artıq böyük təcrübəyə malikdirlər. Həmin MKİS-lərin fəaliyyətinə rəhbərlik və nəzarət edilməsi, təşkilati məsələlərin həlli Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən həyata keçirilir. Eyni zamanda həmin yaşayış məntəqələrinin idarə edilməsinin mərkəzləşdirilmiş qaydada təşkili orada yaşayan əhaliyə dövlət tərəfindən göstərilən xüsusi münasibətin daha səmərəli reallaşdırılmasını təmin edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR