Sergey Lavrov: “İranın nüvə məsələsi sanksiyalar yolu ilə nizamlanmayacaq”

Sergey Lavrov: “İranın nüvə məsələsi sanksiyalar yolu ilə nizamlanmayacaq”
# 19 noyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Altılıq” ölkələri İranla razılığa gəlmək şansını itirməməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, İranla razılılığın əldə olunması üçün yaranmış yeni fürsət qiymətləndirilməlidir: “Rusiya daha bir dəfə xarici işlər nazirləri səviyyəsində nüvə müzakirələrinə qatılmağa hazırdır. Mən də amerikalı həmkarım Con Kerri kimi yaranmış fürsətin yaxşı qiymətləndirilməsinin zəruri olduğunu düşünürəm. Bu baxımdan növbəti danışıqların konstruktiv keçməsini təmənna edirəm”.

S.Lavrov deyib ki, İranın öz üzərinə götürməyə hazır olduğunu bəyan etdiyi məsuliyyətlər çox diqqətçəkicidir və dünya ictimaiyyətinin də istəklərinə uyğundur: “İran nüvə proqramı ilə bağlı mühüm addımlar atmaq niyyətindədir. Yəni İran öz məsuliyyətlərini gözlənilən zamandan da əvvəl yerinə yetirməyə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahunun İranla razılığın əldə olunmasını tarixi bir səhv kimi xarakterizə edən yanaşması həqiqətdən uzaqdır”.

Rusiya XİN rəhbəri vurğulayıb ki, İranın nüvə məsələsi sanksiyalar yolu ilə nizamlanmayacaq: “İranın nüvə haqqının tanınması lazımdır. İrana təzyiq göstərmək və ya sanksiya tətbiq etməklə heç bir nəticə hasil olunmayacaq. Onsuz da sanksiyalar indiyədək heç bir nəticə verməyib. Ancaq bəziləri sanksiyaların təsiredici olduğunu düşünürlər. Bu mövzuda qərarı tarixə buraxmaq lazımdır. Müzakirə aparan diplomatların bu cür mənasız polemikalara girməsinə ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR