Avrointeqrasiya tərəfdarları Kiyevdə irirmiqyaslı aksiyaya hazırlaşır - REPORTAJ - FOTOSESSİYA

Avrointeqrasiya tərəfdarları Kiyevdə irirmiqyaslı aksiyaya hazırlaşır - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 06 yanvar 2014 15:11 (UTC +04:00)

Ötən gün müxalifət liderləri Maydanda Ukraynanın hazırkı iqtidarına ciddi sanksiyaların tətbiq edilməsi üçün Avropa Birliyinə tələb formasında müraciət ediblər. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, müraciəti Maydanda toplaşanlara «UDAR» partiyasının lideri Vitali Kliçko oxuyub. O qeyd edib ki, müraciəti rəsmi olaraq görüşləri zamanı Avropa Parlamentinin vitse-prezidenti Conni Pitelloya təqdim edib.

Yeni planın hazırlanması

Müxalifət liderləri bəyan ediblər ki, yanvarın 8-dən etibarən yenidən başda Maydan olmaqla Kiyevin bütün mərkəzi küçələrində milyonların yürüşü başlayacaq. Müxalifət liderləri - V.Kliçko, «Batkivşina» fraksiyasının lideri Arseni Yasenyuk, «Svoboda» partiyasının lideri Oleq Tyakinboq və sabiq daxili işlər naziri Yuri Lutsenko ötən iki gün ərzində Maydanda aksiya iştirakçıları qarşısında çıxışları zamanı bildiriblər ki, onlar prezident Viktor Yanukoviç hakimiyyətini vaxtından əvvəl istefaya göndərməyincə mübarizələrini dayandırmayacaqlar.

Müxalifət liderlərinin bəyanatında qeyd olunub ki, vaxtında əvvəl keçirilən prezident seçkilərinə isə hər üç müxalifət lideri - hazırda həbsdə olan «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko və yaxud A.Yasenyuk, «UDAR»ın lideri V.Kliçko və «Svoboda»nın lideri O.Tyakinboq iştirak edəcək. Bunun üçün müxalifət liderlərinin ilk tələbləri arasında Y.Timoşenkonun həbsdən azad olunması tələbi də var. Bunlar arasında vahid namizəd isə ikinci turda məlum olacaq.


«Batkivşina»nın Maydandakı mərkəzi qərargahının rəhbəri Olqa Tsol APA-ya bildirib ki, hazırda Y.Timoşenko digər müxalifət liderləri ilə təmasda ciddi bir plan üzərində işləyir və onu müzakirə edir: «Bu, yanvarın 8-dən etibarən nə cür hərəkət etməyimizə kömək edəcək. Yuliya Vladimirovnanın yeni plan barədə təkliflərini tezliklə qızı Yevgeniya Maydanda oxuyacaq. Biz hazırda bu təklifin bəyan olunacağı və regionlardan paytaxta yanvarın 8-dən etibarən insanların axını üçün müraciətlər hazırlayıb yayırıq».


«Ya Maydanda ölməliyik, ya da insan kimi yaşamalıyıq»


Hazırda Maydanda ancaq axşamlar aksiyaçılar qarşısında çıxışlar keçirilir. Aksiya iştirakçıları qarşısında çıxışlar Maydanda və Kreşşatik küçəsindəki Şəhər Sovetinin binası qarşısında edilir. Şəhər Sovetinin binası isə hələ də etirazçıların əlindədir. Mitinqlərdə əsasən Avropa Birliyi, bəzən isə hər üç müxalif partiyasının bayraqları qaldırılır.

Aksiyada əsasən müxalif partiyaların təmsilçiləri, həmçinin regionlardan gələnlər və dindarlar iştirak edirlər. Maydanda, habelə Kreşşatik küçəsində etirazçıların məskunlaşması üçün iri çadırlar qurulub. Həmkarlar İttifaqının binasında yerləşən etirazçıların mərkəzi qərargahından verilən məlumata görə, çadırların sayı 200-dən çoxdur. Çadırlarda əsasən regionlardan gələnlər yerləşdirilir. Daha çox insanlar isə əsasən Nikolayev, Dnepropetrovsk, Zaparojye, Lvov, İvano-Frankovsk, Poltava, Ternopl, Vinnitsa, Odessa, Ujqorod regionlarından və Krım Muxtar Respublikasından gəlib.

Çadırlarda yerləşənlər bildirirlər ki, Yeni il bayramı ilə əlaqədar regionlara qayıdan etirazçılar yanvarın 8-dən etibarən yenidən paytaxta üz tutacaqlar. Dnepropetrovskdən gələn etirazçı, 51 yaşlı Yelena Kriçukun sözlərinə görə, o, bütün ailəsi və tanışları ilə buradadır: «Bizi təzədən Sovet İttifaqına qaytarmaq istəyirlər. Amma biz buna imkan verməyəcəyik. Bizim ata-babalarımız bir dəfə səhv edib SSRİ adlı bir imperiyaya Ukraynanı qurban ediblər və bunun ikinci dəfə təkrar olmasına imkan verməyəcəyik. Rusiya bu dəfə Ukraynadan əliboş qayıdacaq. Lazım gələrsə bunun üçün Maydanda hamılıqla özümüzü öldürməyə də hazırıq».

Krım Muxtar Respublikasının Aluşta şəhərindən gələn 31 yaşlı Oleq və İvano-Frankovskdən gələn 35 yaşlı Vasyuk isə bildirirlər ki, bu hərəkat nəinki ümumən Ukrayna üçün, onların gələcək taleyi üçün dönüş nöqtəsi olmalıdır: «Bizə istədiyimiz kimi, olduğumuz kimi yaşamaq lazımdır. Hansı ki, bu gün Polşa və digər Şərqi Avropa ölkələrinin insanları bunu yaşayır. Amma bizim rəhbərimiz hələ də Rusiyanın bizə etdiyi zülmə göz yumur. Biz ya bu Maydanda ölməliyik, ya da ki insan kimi yaşamalıyıq».


Etirazçılar arasında paytaxtda küçə həyatı yaşayanlara (bomj) rast gəlmək olar. Onlar etiraf edirlər ki, aksiyaya müxalifət partiyaları tərəfindən çadırlara toplaşanlara gündə üç dəfə yemək verildiyinə qoşulublar.


Dövlət daxilində ikinci dövlət

Kiyevə toplaşan etirazçılara məskunlaşmaq üçün kifayət qədər şərait yaradılıb. Bura küçə tualetləri quraşdırılıb, aksiya iştirakçılarının təhlükəsizliyinin qorunması üçün xüsusi mühafizə dəstələri yaradılıb. Mühafizə dəstələrinin üzvləri isə onların «UDAR» partiyası və «Batkivşina» fraksiyası tərəfindən maliyyələşdirildiyini bildirirlər. Onlar avrointeqrasiya tərəfdarlarının mərkəzi qərargahı olan binanı xüsusi mühafizə edirlər. Jurnalistlər də daxil olmaqla bütün insanlar xüsusi yoxlanışdan sonra bu binaya buraxılır, daxili nizam-intizama ciddi şəkildə riayət olunur. Məsələn, binanın daxilində telefonunu itirən bir şəxs milisə müraciət etsə də, mühafizəçilər milisin məsələyə qarışmasına icazə vermədən, özlərini oğrunu tapıblar və hadisəni törədən şəxsi milisə təhvil veriblər.


Hazırda Kiyevdə avrointeqrasiya tərəfdarları bütün hallarda yanvarın 8-nə hazırlaşırlar və həmin gün ölkədə geniş xalq üsyanının başlayacağını elan edirlər.

İndiki halda paytaxt Kiyevin bütün mərkəzi küçələrinə keçid Daxili İşlər Nazirliyinin «Berkut» xüsusi təyinatlı milis dəstəsi tərəfindən məhdudlaşdırılıb. Ali Rada, Hökumət Evi və Prezident Administrasiyasının binası hərbi rejimdə ciddi şəkildə qorunur.


DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hərəkətin dayandırıldığı əsas mərkəzi küçələr Qruşevski, Kreşşatik və İnstitutskaya küçələridir: «Bu da əsasən etirazçıların məskunlaşması və dövlət binalarının mühafizəsi ilə bağlıdır. Bütün hallarda etirazçılara qarşı heç bir güc tətbiq olunmur, əksinə, onların mühafizəsi də milis qüvvələri tərəfindən nəzarətdədir». Nazirlik aksiyalara qatılmaq üçün regionlardan paytaxta gələn insanlar üçün heç bir məhdudiyyətin olmadığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR