Taliblər Kabildəki ABŞ səfirliyini raketlərdən atəşə tutublar

Taliblər Kabildəki ABŞ səfirliyini raketlərdən atəşə tutublar
# 25 dekabr 2013 12:21 (UTC +04:00)

Bakı - APA. Bu gün “Taliban” hərəkatı ABŞ-ın Kabildəki səfirliyini atəşə tutub.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, səhər saatlarında iki raket səfirlik kompleksinə düşərək partlayıb. İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur.

Taliblər isə atəş nəticəsində amerikalıların ciddi itkilərə məruz qaldıqları haqqında “France-Presse” agentliyinə bildiriblər. Terrorçular səfirlik kompleksinə dörd raket buraxdıqlarını iddia edirlər.

Taliblər ABŞ missiyasının yaxınlığında yerləşən əfqan şahlarının məqbərəsini də atəşə tutublar. Yerli təhlükəsizlik qüvvələrinin məlumatına görə, ölən və xəsarət alan qeydə alınmayıb.

ABŞ səfirliyinin atəşə tutulması Milad bayramına təsadüf edib. Qoşunları Əfqanıstanda yerləşən NATO ölkələrinin diplomatik missiyalarına tez-tez hücum etmələrinə baxmayaraq, taliblər ABŞ səfirliyini nadir hallarda hədəfə alırlar. Son dəfə oxşar hadisə 2013-cü ilin sentyabrında baş verib. O vaxt Herat əyalətində ABŞ konsulluğunun atəşə tutulması nəticəsində iki yerli mühafizəçi həlak olub.

Xatırladaq ki, qərb koalisiyasının qoşunları 2001-ci ildən Əfqanıstandadır. 2013-cü il dekabrın 1-ə olan məlumata görə, hərbçilərin sayı 84 min nəfəri keçib, onlardan 60 mini amerikalıdır.

Qeyd edək ki, 2014-cü ilin sonunadək hərbi heyətin tam şəkildə Əfqanıstandan çıxarılacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR