Nazirlik: Azərbaycanda 400 min nəfərdən çox ahıl insan yaşayır

Nazirlik: Azərbaycanda 400 min nəfərdən çox ahıl insan yaşayır
# 01 oktyabr 2013 14:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda 400 min nəfərdən çox ahıl insan yaşayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır.

Eyni zamanda bu vaxtadək ƏƏSMN tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

ƏƏSMN-in nəzdində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün pansionatda tam dövlət təminatında 150 nəfərdən çox ahıl vətəndaş yaşayır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunub, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılıb. Yeni korpusda 170 nəfərə, hazırkı korpusda isə əsaslı təmirdən sonra 130 nəfərə, beləliklə, pansionatda 300 nəfərə xidmət göstəriləcək.

Qeyd edək ki, 1 Oktyabr - Beynəlxalq Ahıllar günü ilə əlaqədar ƏƏSMN-in yerli strukturları ahıl vətəndaşlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edib, müxtəlif xeyriyyə və mədəni-kütləvi tədbirlər həyata keçiriblər. Tədbirlərə respublika üzrə ümumilikdə on minlərlə ahıl və əlil vətəndaş cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR