Bakıda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb

Bakıda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb
# 22 noyabr 2013 18:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 22-də Muzey Mərkəzinin sərgi salonunda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov, millət vəkili Ziyafət Əsgərov və digər mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Ədalət Vəliyev Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib: “Vədud Müəzzin ikinci dəfədir əsərlərini Bakıda nümayiş etdirir, sərgi keçirir. İlk əsərləri İranda sərgilənsə də, sonrar onun səsi dünyanın müxtəlif ölkələrindən gəldi. Rəssam 120 əsərlə bizim görüşümüzə gəlib. İnanıram ki, biz onun əsərlərini tez-tez sərgi salonlarımızda görəcəyik”

Azərbaycan Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov isə qeyd edib ki, Vədud Müəzzinin Bakıda ilk sərgisinin keçirilməsinin üstündən 10 il keçir: “Biz bu gün onun yeni əsərləri ilə tanış olacağıq. O, həm də musiqi ilə məşğul olur, gözəl səsi, musiqi duyumu var. Dostumuzu, həmkarımızı təbrik edir, ona yaradıcılıq uğurları arzu edirəm”.

Tədbirdə rəssamın yaradıcılıq yolunu özündə əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin Vədud Müəzzin “Sarı gəlin” mahnısını tar və kamançanın müşayiəti ilə ifa edib.

Fərdi sərgidə rəssamın “Sürünün qayıdışı”, “Sakit payız”, “Sərdəşt”, “Qış” və s. rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, Vədud Müəzzinin 1990-cı ildə Los Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR