Qobustanın 3, İsmayıllının isə 1 kəndinə su çəkilib - FOTO

Qobustanın 3, İsmayıllının isə 1 kəndinə su çəkilib - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2009-2013-cü illər) uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.

Cəmiyyətin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr icra olunur. Proqram çərçivəsində Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri başa çatdırılıb və yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar kəndlərdə açılış mərasimləri keçirilib.

Qeyd edək ki, «Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi» Ərəbqədim kəndində 1 522, Göydərə kəndində 548, Cəmcəmli kəndində 1 309 olmaqla, ümumilikdə 3 379 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Həmin kəndlərə içməli su rayon mərkəzini su ilə təmin edən mənbədən - Təsi kəndi yaxınlığındakı subartezian quyularından verilir. Yeni layihəyə əsasən, Daşarası anbarından içməli suyun özüaxımlı rejimdə nəqlini təmin etmək üçün polad borularla (159 mm diametrli) Ərəbqədim kəndinə 10 200 metr, buradan isə Göydərə kəndinə 2 010 metr uzunluğunda (114 mm diametrli) magistral su xətləri çəkilib. Ərəbqədim və Göydərə kəndlərinin hər birində ümumi istifadə üçün 1 ədəd bulaq və su dayağı quraşdırılıb. Rayonun Cəmcəmli kəndinə də içməli su Daşarası anbarından verilir. Bu məqsədlə 1 000 metr uzunluğunda (114 mm diametrli) magistral, 900 metr uzunluğunda kənddaxili su xətləri çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 2 ədəd bulaq quraşdırılıb.

İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində icra olunan layihə nəticəsində isə 531 sakinin içməli su təchizatı yaxşılaşıb. Layihəyə əsasən, kəndin yaxınlığında 1 ədəd yeni subartezian quyusu qazılıb və hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı tikilib. Su mənbəyindən kəndə qədər müxtəlif diametrli polietilen borularla 2 096 metr uzunluğunda magistral su xətti çəkilib. İlk dəfə olaraq kənd ərazisində ümumi uzunluğu 5 355 metr olan paylayıcı su şəbəkəsi yaradılıb, 100-dək ünvana birləşmə verilib. Kəndin mərkəzində ümumi istifadə üçün 1 bulaq tikilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR