Sorğu: Seçkiyə qatılanların 88,7 faizi prezident İlham Əliyevə səs verəcək

Sorğu: Seçkiyə qatılanların 88,7 faizi prezident İlham Əliyevə səs verəcək
# 27 sentyabr 2013 18:39 (UTC +04:00)

Bakı – APA. İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi (the European Centre for Survey Research, UK) 2013-cü il sentyabrın 11-dən 16-dək Azərbaycanda ümumrespublika ictimai rəy sorğusu keçirib.

Sosioloji tədqiqat “Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil” layihəsi çərçivəsində aparılıb.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzindən bildirilib ki, sorğuda 42 yaşayış məntəqəsi üzrə yaşı 18-dən yuxarı olan 1550 nəfər iştirak edib.

Sorğu üzbəüz müsahibə yolu ilə, respondentlərin yaşayış yeri üzrə, standartlaşdırılmış anket əsasında keçirilib. Tədqiqatın əsaslandığı çoxpilləli təsadüfi seçim əhalinin sosial və demoqrafik strukturunu adekvat olaraq əks etdirib. Tədqiqatın nisbi xətası 3 faiz ətrafındadır.

Layihənin rəhbəri İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin başçısı, Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının (WVSA) prezidenti, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (IPSA) vitse-prezidenti Kristian Herpferdir.

Bu araşdırma “Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil” layihəsinin birinci mərhələsidir. İkinci mərhələ isə ilin sonuna qədər həyata keçiriləcək. Bu, seçki kampaniyasından “əvvəl” və “sonra” seçici rəylərini müqayisə etməyə, həmçinin onların seçki ilə bağlı gözləntilərinin reallıqda nə dərəcədə doğrulduğunu öyrənməyə imkan verəcək. Tədqiqatın nəticəsi olaraq Azərbaycan və ingilis dillərində kitabça nəşr ediləcək və 2014-cü ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

Layihənin əsas məqsədi əhalinin demokratik dəyərlərə münasibətini, demokratiyaya bir sosial-siyasi sistem olaraq yanaşmasını müəyyən etməkdən ibarətdir. Tədqiqat zamanı demokratiyanın ölkədəki durumunun kütləvi şüurda qiymətləndirilməsi, vətəndaşların siyasi prioritetləri və fəallığı, onların prezident seçkilərində iştirakının motivləri, seçicilərin rəğbəti və namizədlərin reytinqi öyrənilib.

Sorğunun nəticələri göstərir ki, Azərbaycan vətəndaşları “demokratiya” anlayışını əsasən fikir müxtəlifliyi (48,0 faiz), azad və ədalətli seçkilər (36,6 faiz), insan hüquq və azadlıqlarının qorunması (30,3 faiz) kimi qəbul edirlər. Daha sonra isə xalqın hakimiyyəti, şəxsi azadlıq və ləyaqət, qanunun aliliyi (hər biri təxminən 21 faiz səs) prinsipləri gəlir. Demokratiyanın Azərbaycan üçün daha vacib olan elementlərinə isə onlar hamının qanun qarşısında bərabərliyini, söz və mətbuat azadlığını, rəqabətli və ədalətli seçkiləri aid ediblər.

Bütövlükdə Azərbaycanda demokratiyanın vəziyyəti müsbət qiymətləndirilib. Əhalinin təxminən üçdə ikisi ölkədə demokratiyanın vəziyyətindən razıdır. Onlar anketin müvafiq sualını “bəli, qane edir” və ya “əsasən qane edir” deyə cavablandırıblar. Respondentlər hesab edirlər ki, son 10 ildə demokratiya sahəsində vəziyyət yaxşılaşıb, KİV azadlığının səviyyəsi yetərincə yüksək qiymətləndirilib.

Məlum olub ki, bu seçkilərdə respondentlərin potensial elektoral fəallığı (onların seçkilərdə iştirak edəcəklərini deməsi) yetərincə yüksəkdir (82 faizdən çox). Lakin təcrübə göstərir ki, adətən səsverməyə qatılacaqlarını bəyan edənlərlə real olaraq seçki məntəqələrinə üz tutanların sayı fərqlənir (MSK-nın məlumatına görə, ötən seçkilərdə səsvermədə iştirak 70 faiz səviyyəsində olub).

Sorğunun nəticələrinə görə, səslərin əksəriyyətini Azərbaycanın hazırkı prezidenti toplayır. Doğrudur, respondentlərin heç də az olmayan bir qismi (11,8 faiz) ümumiyyətlə seçki məntəqələrinə getmək fikrində deyil, daha 3,3 faiz hələ öz seçimini müəyyən etməyib, 7,9 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib (və bu da təbiidir, çünki sorğu keçirilən zaman seçki kampaniyası yenicə başlamışdı). O da maraqlıdır ki, rəyi soruşulanların 2,9 faizi heç bir namizədə səs verməyəcəklərini bildirib.

Bəs iştirak faizi nəzərə alınmaqla namizədlərin elektoral reytinqi necədir? Sorğu göstərib ki, seçkiyə qatılanların 88,7 faizi öz səsini hazırkı prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə verəcək. Demokratik Qüvvələrin Milli Şurasının təmsilçisi Cəmil Həsənlinin 0,6 faiz, müstəqil namizəd Zahid Oruc və Ümid Partiyasının sədri İqbal Ağazadənin - hər birinin 0,3 faiz, Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) və İlyas İsmayılovun (Ədalət Partyiası) - hər birinin 0,2 faiz, Fərəc Quliyev (Milli Dirçəliş Partiyası) və Araz Əlizadənin (Sosial-Demokrat Partiyası) - hər birinin 0,1 faiz səs yığacağı gözlənilir. Başqa sözlə, seçki marafonunda Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin qələbə şansı digər namizədlərdən çox yüksəkdir.

Vətəndaşların prezident seçkilərində iştirakının motivlərinə gəldikdə, məlum olub ki, səsvermədə iştirakı özünün vətəndaşlıq borcu sayan respondentlərin sayı heç də az deyil (59,6 faiz). Seçkilərin nəticələrinə etimad və öz namizədinə səs vermək imkanı ilə bağlı yüksək faizləri də müsbət hal kimi qiymətləndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR