Azərbaycanla Avstriya arasında Bəyannamə imzalanıb - YENİLƏNİB - TAM MƏTN

Azərbaycanla Avstriya arasında Bəyannamə imzalanıb - <span style="color: red;">YENİLƏNİB - TAM MƏTN
# 13 may 2013 15:42 (UTC +04:00)

APA-nın məlumatına görə, sənədə Azərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Xaynts Fişer imza atıblar.

Prezidentlərin təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında Xaynts Fişer bildirib ki, imzalanan Dostluq Bəyannaməsində iki ölkənin dövlət başçısı demokratiya, insan haqlarına hörmət və qanunun aliliyi prinsiplərinə sabiq olduqlarını bəyan ediblər. Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə imzalanmasının zəruriliyi barədə müddəa da yer alıb.

Prezident İlham Əliyev mətbuat konfransında Ermənistanı öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmağa çağırıb: “Münaqişə beynəlxalq hüququn normalarına uyğun şəkildə nizamlanmalıdır. Ümidvaram ki, beynəlxalq birlik bu münaqişənin nizamlanmasında daha aktiv rol oynayacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan Bəyannamənin tam mətnində bildirilir:

Azərbaycan Respublikasının Prezidenti və Avstriya Respublikasının Federal Prezidenti,

iki ölkə arasında etimada və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu etiraf edərək,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və Helsinki Yekun Aktının əsas prinsip və normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsiplərinə dəstəklərini ifadə edərək,

demokratiyanın dəyər, norma və prinsiplərini, bazar iqtisadiyyatını, insan hüquqlarına hörməti və hüququn aliliyinin təşviqini qəbul edərək,

siyasi, iqtisadi, enerji, təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, elmi və texniki, ekoloji, informasiya, sosial yardım, mədəniyyət, gənclər və idman sahələri daxil olmaqla ikitərəfli əməkdaşlıqlarını uzunmüddətli əsasda təşviq etmək məqsədilə,

  • İqtisadi, enerji, təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyat, elmi və texniki, ekoloji, informasiya, sosial yardım, mədəniyət, gənclər və idman, həmçinin insan hüquqları və vətəndaş cəmiyyətinin təşviqi sahələrində öz münasibətlərini dostluq, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq əsasında inkişaf etdirilməsini və

  • beynəlxalq və regional təhlükəsizliyə, həmçinin demokratiya quruculuğu və yaxşı idarəçiliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı öz mövqeləri üzrə məsləhətləşmələr aparmaqla BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini,

  • Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlər əsasında, xüsusilə 14 iyul 2005-ci il tarixində Vyana şəhərində imzalanmış Azərbaycan Respublikasının daxili işlər naziri və Avstriya Respublikasının federal daxili işlər naziri arasında polis fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdən keçirirlər.

  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayırlar.

  • İki ölkə üçün enerji sahəsində əməkdaşlığın əhəmiyyətini etiraf edir və Azərbaycanın neft və qaz şirkəti ilə Avstriyanın neft və qaz şirkətləri arasında hasilat, istehsalat və daşınma, həmçinin enerji təchizatçılarının, daşınmanın və tranzit marşrutlarının şaxələndirilməsi və alternativ enerji mənbələrinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini ciddi şəkildə təşviq edirlər.

  • Karbohidrogenlər sahəsində Azərbaycan-Avstriya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün Avstriya Respublikasının Federal Prezidenti d-r Haynts Fişerin 2011-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfəri çərçivəsində ARDNŞ və OMV arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsinin əhəmiyyətini yenidən təsdiq edir və Cənub Qaz Dəhlizinin Avropa İttifaqına təbii qazın nəqli marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə iki ölkənin strateji məqsədlərinə uyğun gəldiyini, həmçinin sözügedən Dəhlizin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar

  • İki dövlətin vətəndaşları arasında sıx əlaqələrə imkan yaradan birgə layihələr üzrə fəaliyyət göstərilməsi məqsədilə inzibati-ərazi vahidləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini alqışlayırlar.

Öz hökumət və müvafiq nazirliklərini hər bir ayrıca sahədə əməkdaşlığın mahiyyəti, məqsədi və detalları barədə razılığa gəlmələri üçün təşviq edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR