Zakir Həsənov: “Prezidentin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!” bəyanatı Silahlı Qüvvələrimizin devizidir” - FOTOSESSİYA

Zakir Həsənov: “Prezidentin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!” bəyanatı Silahlı Qüvvələrimizin devizidir” - <span style="color: red;">FOTOSESSİYA
# 24 iyun 2014 07:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının buraxılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, buraxılış mərasimində AAHM, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, habelə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Mərasim AAHM-in döyüş bayrağının sıra meydanına gətirilməsi və Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qeyd edib ki, bu gün Silahlı Qüvvələrin tarixində əlamətdar gündür: «Bu gün ordu quruculuğu dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Hərbi büdcəmiz ilbəil artır, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır».

Məzunları və valideynləri təbrik edən nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli silahlı qüvvələrimizin vəziyyətindən asılıdır: «Siz orduya yeni nəfəs gətirməlisiniz. Düşmən bilməlidir ki, siz onlardan güclüsünüz».

Nazir qeyd edib ki, prezidentin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!” bəyanatı Silahlı Qüvvələrin devizidir.

«Düşmən bugünkü reallıqla, güc-qüvvə balansı ilə razılaşmalıdır. Atəşkəsdən 20 il keçməsinə baxmayaraq, cəbhədə atəşkəs pozulur. Postlarımız, yaşayış məntəqələrimiz atəşə tutulur. Ermənistan kəşfiyyat-diversiya qrupları mövqelərimizə basqın eləmək istəyir, onların cəhdləri əsgərlərimiz tərəfindən əvvəlcədən aşkarlanır və tədbirlər görülür. Düşmən itkilər verir», - deyə Z. Həsənov vurğulayıb.

Nazir məzunlara tövsiyələrini də verib: «Xalqımıza, millətimizə, dövlətimizə şərəflə xidmət etməlisiniz. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs borcu var: erməni işğalında olan torpaqlarımızı azad etmək. Bunu edəcəyik!»

Daha sonra müdafiə naziri təhsildə fərqlənən məzunlara diplomları təqdim edib.

Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan prezidenti tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları bildirilib.

Məzunlar sonda hərbi məktəbin yaş kötüyünə simvollar vurublar.

Daha sonra Heydər Əliyev adına AAHM bayrağının təhvil-təslimi olub. Məzunlar bayrağı gənc kursantlara təhvil veriblər.

Sonda məzunlar təntənəli marşla tribuna önündən keçiblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR