Avropa Birliyi Rusiya ilə “Cənub axını” layihəsinə dair danışıqları dayandırıb

Avropa Birliyi Rusiya ilə “Cənub axını” layihəsinə dair danışıqları dayandırıb
# 11 mart 2014 10:18 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu AB-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger “Die Welt” (Almaniya) qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qış arxada qaldığından, hazırda Avropa qaz nəqli ilə bağlı problemlər yaşamır: “Rusiya qoşunlarının Krıma daxil olması ilə bağlı problemin diplomatik yolla həlli AB üçün prioritet məsələdir”.

Avrokomissar ABŞ və Qərb ölkələri tərəfindən rusiyalı məmur və oliqarxlara maliyyə və viza sanksiyaları tətbiq olunmasını dəstəkləyib: “Amma onilliklər ərzində qurulmuş iqtisadi əlaqələri tam kəsmək doğru olmazdı. Onlar Avropa və Rusiyanın iqtisadiyyatı və əmək bazarı üçün böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, 2012-ci ilin dekabrında əsası qoyulan “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək.

Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir. Layihənin tikintisi üzərində beynəlxalq konsorsium olan “South Stream Transport” çalışacaq ki, onun da səhmlərinin 50%-i “Qazprom”a məxsusdur. Ötən ilin oktyabrında “Cənub axını” layihəsinin Bolqarıstandan keçəcək hissəsinin tikintisinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR