Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyasının İllik Konfransı keçirilir

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyasının İllik Konfransı keçirilir
# 13 dekabr 2013 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyası İllik Konfrans keçirir.

APA-Economics”in xəbərinə görə, konfransda giriş sözü ilə çıxış edən Koalisiya Şurasının koordinatoru Zöhrab İsmayıl bildirib ki, konfransda şəffaflıq prosesi ilə bağlı aktual məsələlər müzakirə ediləcək, bu sahədə qlobal proseslər təhlil ediləcək, həmçinin təşkilatı məsələlər müzakirə ediləcək.


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqtar çıxışında tədbirin vacibliyini vurğulayıb və ümumilikdə mədən sənayesində şəffaflığın artırılmasının mühüm olduğunu bildirib. O həmçinin bəyan edib ki, artıq ABŞ-ın da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulması və tam hüquqlu üzvü olması barədə qərar qəbul edilib. Səfir Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəni də yüksək dəyərləndirib. Onun sözlərinə görə, EITI-yə qoşulanda sifarişlərin, alqı-satqı əqdləri və ümumilikdə kontrakt prosesinin də tam şəffaf olması sahəsində işlər aparılmalıdır.


Qeyd edək ki, sonuncu məsələni Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşşenko də xüsusi vurğulayıb və bəyan edib ki, sonuncu qəbul edilən EITI standartları kontraktların şəffaflığının artırılmasını nəzərdə tutur: “Azərbaycan EITI-yə qoşulan ilk ölkələrdən biri olub və artıq böyük təcrübə toplayıb. Dünya Bankı şəffaflığın artırılması və anti-korrupsiya sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etməsi, onun diversifikasiyası şəffaflığın artırılması sahəsində işlərin daha gücləndirilməsi zərurətini yaradır”.


Qeyd edək ki, yığıncaqda EITI-nin Azərbaycanda inkişafı, bu sahədə qəbul edilən standartlar, mədən sənayesində şəffaflığın vətəndaş cəmiyyəti ilə əlaqə məsələləri müzakirə ediləcək, həmçinin Koalisiya Şurasının və Koalisiyanın Monitorinq Qrupunun hesabatları dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR