Rövnəq Abdullayev: “ARDNŞ Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işləyir”

Rövnəq Abdullayev: “ARDNŞ Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işləyir”
# 07 may 2014 11:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Cənubi-Şərqi Avropanı qazla təmin edəcək Trans-Adriatik qaz boru kəməri (TAP) gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq”.

APA-nın verdiyi məlumata görə, bu, ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.

R.Abdullayev qeyd edib ki, “Cənub qaz dəhlizi”nin açılmasında və möhkəmləndirilməsində Trans-Anadolu boru kəməri (TANAP) bir dayaq kimi müstəsna rol oynayacaq. Uzunluğu 870 km olacaq TAP isə Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq.

R.Abdullayev nəzərə çatdırıb ki, TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir. Konsorsium kəmərin inşasını iri diametrli borularla həyata keçirməklə gələcəkdə bu həcmin iki dəfəyədək artırılması imkanını nəzərdə saxlayır. Eyni zamanda Azərbaycanla Albaniya, Xorvatiya və Monteneqro arasında başqa bir enerji dəhlizi - Cənub-Şərqi Avropa dəhlizi haqqında da razılıq əldə edilib. Perspektivdə buraya Rumıniya, Macarıstan və Avstriya da əlavə oluna bilər. O, ARDNŞ-ın həm də Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işlədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR