Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri gələn il 11% artacaq

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri gələn il 11% artacaq
# 14 noyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11% artacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumata görə, bunu bu gün Milli Məclisdə «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı çıxış edən DSMF-nin sədr müavini Elman Mehdiyev deyib.


Onun sözlərinə görə, Fondun 2014-cü il üçün gəlirləri 2 928 mln. manat həcmində nəzərdə tutulub: «Gəlirlərin 60,8%-ni və ya 1 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9% artım deməkdir».


DSMF rəsmisi bildirib ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat təşkil edəcək: «Fondun xərcləri gələn il üçün 2 928,5 mln. manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2% çoxdur. Əhaliyə ödənişlər 2 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4%-ni təşkil edəcək. Pensiya ödənişlərinə 2 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5% və ya 288,3 mln. manat çoxdur».


E.Mehdiyev qeyd edib ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır: «Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2,928 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2% üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9% təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR