Fransa Milli Assambleyasının binasında “Qafqazın geosiyasəti” mövzusunda konfrans keçirilib

Fransa Milli Assambleyasının binasında “Qafqazın geosiyasəti” mövzusunda konfrans keçirilib
# 26 sentyabr 2013 14:17 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 23-də Parisdə Geosiyasət Akademiyası tərəfindən Fransa Milli Assambleyasının binasında “Qafqazın geosiyasəti” mövzusunda konfrans keçirilib. Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda Qafqaz regionunun sosial-iqtisadi durumu, dünyada baş verən siyasi tendensiyaların regionda qüvvələr nisbətinə təsiri, eləcə də Qafqaz bölgəsində münaqişələr haqqında məruzələr dinlənilib.

Bir sıra məruzəçilər, xüsusilə də Sorbon Universitetinin professoru Jerar-Fransua Dümon və səfir Bernard Fasye öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsindən söhbət açıblar. B. Fasye əsasən münaqişənin həlli prosesi, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi barədə məlumat verib.

Professor G. F. Dümon isə ermənipərəst mövqedən çıxış edərək öz çıxışında münaqişə ilə bağlı yanlış məlumatlara yol verib. Buna cavab olaraq Azərbaycanın Fransadakı səfirliyinin tədbirə qatılmış nümayəndələri söz alaraq, G. F. Dümonun Dağlıq Qarabağ münaqişəsindən danışarkən erməni tərəfinin mövqeyini təqdim etdiyini, onun həqiqət naminə neytral mövqedən çıxış edərək tarixi faktları təqdim etməli olduğu halda, birtərəfli və qərəzli çıxışının təəssüf doğurduğunu söyləyiblər. Daha sonra səfirlik nümayəndələri münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verərək BMT və digər beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədləri xatırladıblar və Ermənistanın bu qərarlara hörmət etmədiyini vurğulayıblar. Onlar Avropa təsisatlarına qoşulmuş bir dövlətin digərinə təcavüz etdiyini vurğulayaraq bu münaqişənin nəinki Qafqaz regionunda, bütünlükdə Avropada sülh və sabitlik üçün ciddi təhdid olduğunu qeyd ediblər. Səfirlik əməkdaşları münaqişədə status-kvo vəziyyətinin qəbuledilməz olduğunu bildirərək Azərbaycanın münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıblar və münaqişənin həllinə nail olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təsir və təzyiq göstərməyə çağırıblar.

Səfirlik əməkdaşlarının çıxışına cavab olaraq Geosiyasət Akademiyasının nümayəndəsi G. F. Dümonun institutun deyil, öz mövqeyini ifadə etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR