Azərbaycan banklarının xarici borcu artır

Azərbaycan banklarının xarici borcu artır
# 08 noyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 736,2 mln. manat və ya 25,9% artaraq 2013-cü il oktyabrın 1-nə 3 573,9 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində xarici öhdəliklər 500,3 mln. manat və ya 16,3%, sentyabr ayında isə 175,4 mln. manat və ya 5,2% artıb:

Bankların xarici öhdəliklərinin artması bir tərəfdən xarici və beynəlxalq maliyyə qurumlarının Azərbaycan bank sisteminə yüksək etimad göstəricisi olan müsbət amil, digər tərəfdən isə bankların öhdəliklərlə yüklənməsinin güclənməsi olan mənfi amil kimi qiymətləndirilə bilər. Lakin qeyd etmək lazımdır ki, xarici öhdəliklərin həcmi ümumi Azərbaycan bank sisteminin passivlərinin 18,4%-ni təşkil edir ki, bu da beynəlxalq praktikaya görə kiçik göstəricidir və banklarda likvidlik çatışmazlığı təhlükəsini yarada bilməz.

Qeyd edək ki, eyni zamanda bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 2 131,4 mln. manat təşkil edib, bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 153,1 mln. manat və ya 7,2% çoxdur. Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində burada 115,3 mln. manat və ya 5,7%, sentyabrda isə 37,2 mln. manat və ya 1,8% artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR