DSX sabiq hərbi qulluqçunun vəfatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DSX sabiq hərbi qulluqçunun vəfatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib
# 02 dekabr 2014 09:35 (UTC +04:00)

DSX-nin Mətbuat mərkəzindən APA-ya daxil olan məlumatda yayılan xəbərlərin həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd olunub ki, əsgər Ə.Əsədov səhhətində yaranan problemlərlə əlaqədar 07 yanvar 2014-cü il tarixdə DSX-nin Hərbi Hospitalına qəbul edilib və “Orta ağır formalı B12 defisitli anemiya” diaqnozu ilə müalicə olunub: “Vəziyyəti pisləşdiyi üçün fevral ayının 11-də Bakı şəhərində bir neçə ixtisaslaşdırılmış tibb müəssisəsində dərindən müayinələr aparılıb, “Kəskin limfaleykoz mieloblast variant” diaqnozu şübhəsi ilə Mərkəzi Klinik Xəstəxanaya təxliyə edilib. Burada 3 müalicə kursu aparılmasına baxmayaraq, əsgərin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb.

Bununla əlaqədar xəstənin Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsinin davam etdirilməsi məsələsi razılaşdırılmış və əsgər Ə.Əsədov DSX-nin həkim mütəxəssisinin müşayiəti ilə 9 iyul 2014-cü il tarixdə Türkiyəyə göndərilib. Kəskin xarakter daşıyan xəstəliyin müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq 20.07.2014-cü il tarixdə Ə.Əsədov Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Əsgər Ə.Əsədovun müalicəsi DSX tərəfindən daim diqqət mərkəzində saxlanılıb, Mərkəzi Klinik Xəstəxanada və Gülhanə Hərbi Tibb Akademiyasında müayinə, müalicə xərcləri vaxtlı-vaxtında və tam həcmdə ödənilib. Onun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi, dəfn olunması və yas mərasiminin təşkilində DSX tərəfindən yaxından iştirak edilib və mərhumun ailəsinə müvafiq yardımlar göstərilib”.

Məlumatda daha sonra bildirilib ki, DSX Ə.Əsədovun guya 29.11.2014-cü il tarixdə vəfat etdiyi, xəstənin müalicəsi üçün vaxtında müvafiq tədbirlərin görülmədiyi və zəruri vəsaitin ayrılmadığı barədə qərəzli məlumat yaymasını təəssüf hissi ilə qeyd edir, bu kimi məlumatların kütləvi informasiya vasitələrində yer almasını Xidmətin nüfuzuna xələl gətirilməsinə cəhd kimi qiymətləndirir, təkzib verilməsini tələb edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR