Qırğızıstanda Gömrük Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib - FOTO

Qırğızıstanda Gömrük Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 20:47 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Əfqanıstan, Çin, Qırğızıstan, Monqolustan,Tacikistan, Türkmənistan və Özbəkistanın gömrük xidmətlərinin rəhbər vəzifəli şəxslərinin qatıldığı iclasda respublikamızı Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

İclası Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidmətinin rəhbəri Adamkul Junusov açaraq Gömrük Əməkdaşlıq Komitəsinə daim göstərdiyi dəstəyə görə Asiya İnkişaf Bankına minnətdarlığını bildirib. Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin İctimai İdarəetmə, Maliyyə Sektoru və Regional Əməkdaşlıq şöbəsinin direktoru Yin Çen çıxış edərək ticarətin asanlaşdırılmasının regionda ticarət təchizat zəncirinin inkişafı yolu ilə əmək­daşlıq və inteqrasiya təşəbbüslərinin növbəti mərhələsinə mühüm dəstək olduğunu qeyd edib.

Tədbirdə “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası 2020”nin həyata keçirilməsi üzrə təqdim edilmiş məlumatda sənədin əsas məqsədinin ticarətin genişləndirilməsi və rəqabət qabiliyyətliliyin yüksəldilməsi olduğu qeyd edilib. Bununla yanaşı, iclasda təqdim edilmiş 2013-2014-cü illərdə ticarətə yardım üzrə proqramın icmalı ilə bağlı qeyd olunub ki, göstərilən dövrdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin gömrük orqanları tərəfindən nəqliyyata və ticarətə yardıma dair müxtəlif beynəlxalq tədbirlər keçirilib. Bundan sonra iclas dəyirmi masa ətrafında müzakirələrlə öz işini davam etdirib.

“Nəticələrin əldə edilməsi üçün sərhədlərin əlaqələndirilmiş şəkildə idarə edilməsi” mövzusunda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyevin sədrliyi ilə ikinci “dəyirmi masa” keçirilib. Mövzu üzrə buraxılış vaxtının öyrənilməsi, birgə gömrük nəzarəti və sərhədlərin əlaqələndirilmiş şəkildə idarə edilməsi məsələləri müzakirə olunub. Komitə sədrinin müavini Rza Həsənəliyev öz çıxışında ölkəmizdə bu sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat təqdim edib, “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiya (dəyişdirilmiş redaksiyada), yeni Gömrük Məcəlləsi, o cümlədən gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, gömrük müasirləşdirməsi və “bir pəncərə” prinsipi, Səlahiyyətli İqtisadi Operatorlar, malların buraxılış vaxtının öyrənilməsi, regional tranzitin inkişaf etdirilməsi və beynəlxalq gömrük əməkdaşlığı məsələlərinə toxunub. İclasda Əfqanıstan nümayəndəsi ölkəsində sərhədlərin əlaqələn­dirilmiş şəkildə idarə olunmasına dair çıxışında gömrük orqanları və sərhəd polisinin əməkdaşlığı barədə məlumat verib.

İclasda 2014-2015-ci illərdə Ticarətə Yardım Proqramı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İş planına əsasən xarici iqtisadi fəaliyyət iştirakçıları üçün proqramın hazırlanması məqsədilə risklərin idarə edilməsinin bir hissəsi kimi Səlahiyyətli İqtisadi Operatorlar üzrə seminarların Azərbaycanda və Monqolustanda keçirilməsi nəzərdə tutulub. Tədbirin sonunda Gömrük Əməkdaşlıq Komitəsinin 14-cü iclasının Monqolustanda keçirilməsi razılaşdırılıb.

Tədbir çərçivəsində Komitə sədrinin müavini Rza Həsənəliyev Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidmətinin rəhbəri Adamkul Junusov ilə ikitərəfli görüş keçirib. Adamkul Junusov ilə keçirilmiş görüşdə gömrük işi sahəsində perspektivlər müzakirə edilib və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol”un imzalanması barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin İctimai İdarəetmə, Mliyyə Sektoru və Regional Əməkdaşlıq şöbəsinin direktoru Yin Çen ilə keçirilmiş ikitərəfli görüşdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub. Yin Çen Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələr arasında Azərbaycan və Çin gömrük xidmətlərində mövcud olan informasiya və kommunikasiya texnologiyalarının yüksək inkişaf tempindən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR