Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatıb
# 18 dekabr 2014 15:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə qanunvericiliyə müvafiq olaraq müraciət etmiş "AzerFloat" Qapalı Səhmdar Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla da, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatıb.

"AzerFloat" QSC sənaye parkının ərazisində Float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 mln. kvadrat metr müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin edilir.

Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və sənaye parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR