Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişməyib

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişməyib
# 25 sentyabr 2014 12:28 (UTC +04:00)

Bakı - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2014-cü ildə Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu əvvəlki kimi 5% səviyyəsində saxlayıb.

APA-Economics”in məlumatına görə bu barədə bankın saytında yerləşdirilən “Asiya İnkişaf Mənzərəsi” adlı yenilənmiş hesabatında bildirilib.

Bankın hesablamalarına görə, 2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,8% təşkil edəcək.

“2014-cü ilin I yarısında neft hasilatının azalması ilə əlaqədar Azərbaycanda ÜDM artımı 2,1% təşkil edib. Eyni zamanda, 2013-cü ilin I yarısında Azərbaycanda qeyri-neft sektorunda ÜDM artımı 10,9% olubsa, bu ilin eyni dövründə bu sektorda artım 7% təşkil edib. Bu azalma dövlət investisiyalarının həcminin azalması ilə əlaqələndirilir”-deyə hesabatda vurğulanır.

Bununla belə, bank 2014-2015-ci illərdə Azərbaycanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı proqnozunu əvvəlki kimi saxlamasını 2 səbəblə əlaqələndirir. “Birincisi, xüsusilə Azəri-Çıraq-Günəşli yatağında yeni platformanın istismara cəlb edilməsi ilə əlaqədar olaraq neft hasilatında artım proqnozlaşdırılır. İkincisi, regionların inkişafı proqramı hesabına investisiyaların artımı gözlənilir”-deyə hesabatda qeyd olunur.

AİB Azərbaycanda inflyasiya səviyyəsini əvvəlki proqnoz çərçivəsində saxlayıb: 2014-cü ildə 4%, 2015-ci ildə 3,5%.

Bundan başqa, bank Azərbaycanın ödəniş profisiti ilə bağlı proqnozunu da dəyişməyib: bu il bu göstərici ÜDM-in 16%-i səviyyəsində, gələn il isə ÜDM-in 15% səviyyəsində olacaq.

Yeri gəlmişkən, Azərbaycan hökumətinin proqnozlarına görə, 2014-cü ildə Azərbaycanda ÜDM artımı 3,4% təşkil edəcək.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda ÜDM artımı 5,8% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR