Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib - <span style="color: red;">FOTO
# 26 may 2015 12:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Rusiyanın Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan - Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, Rusiyanın federal subyektləri ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir: “2014-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatıb, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb”.

Qeyd edilib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var: “Azərbaycan və Rusiya arasında indiyədək iqtisadi sahədə müxtəlif formatlı 30-dan çox tədbir, o cümlədən 5 regionlararası forum təşkil edilib”.

N. Səfərov bu gün keçirilən işgüzar görüşün də Azərbaycan ilə Rusiya Federasiyası və onun subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli olacağını vurğulayıb.

K. Markelov Həştərxan vilayətinin iqtisadi imkanları barədə məlumat verib, son illər vilayətdə həyata keçirilən layihələrin daha çox sənaye sahəsini əhatə etdiyini diqqətə çatdırıb. Əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edən K. Markelov mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Sonra Həştərxan vilayəti Hökuməti sədrinin müavini, iqtisadi inkişaf naziri Elina Polyanskaya Həştərxanda yerləşən "Lotos" sənaye-istehsal tipli xüsusi iqtisadi zona barədə təqdimatla çıxış edib. Tədbirdə Həştərxan vilayəti haqqında qısa videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR