Adil Qeybulla: “Qərəzli şəkildə müəyyən şəxslərin adları Müsavat Partiyasının deputatlığa namizədlər siyahısına salınmır”

Adil Qeybulla: “Qərəzli şəkildə müəyyən şəxslərin adları Müsavat Partiyasının deputatlığa namizədlər siyahısına salınmır”
# 12 mart 2015 09:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qərəzli şəkildə müəyyən şəxslərin adları Müsavat Partiyasının deputatlığa namizədlər siyahısına salınmır. Belə olan halda müstəqil şəkildə deputatlığa namizəd olmaq daha yaxşıdır. Yəqin ki, mən müstəqil şəkildə deputatlığa namizədliyimi verəcəyəm”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.

A. Qeybulla bildirib ki, hələ son qərarını verməyib: “Məncə, deputatlığa müstəqil namizəd olmaq daha məqsədəuyğundur. Müstəqil namizəd olduğum təqdirdə Müsavat Partiyasının həmin dairə üzrə dəstəklədiyi başqa namizəd olsa da, qərarım dəyişməyəcək. Partiyanın namizədi ilə eyni dairədən düşsək, nə olacaq ki?.. Müsavat Partiyasının nə resursu var ki? Mən partiya xətti ilə sonuncu parlament seçkilərində iştirak edərkən bunun şahidi oldum, Müsavat Partiyasının resurslarını elə də şişirtmək lazım deyil. Mənim öz resurslarım kifayətdir. Hər halda namizədliyimi verəcəyim dairədən müalicə, əməliyyat etdiyim, münasibətlərimin olduğu xeyli insanı səfərbər edə bilərəm”.

A. Qeybulla deputatlığa namizədliyini verəcəyi dairəni hələlik açıqlamaq istəməyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin üzvü, partiyada narazı qrupun liderlərindən olan Vurğun Əyyubun namizədliyi partiyanın Suraxanı rayon təşkilatı tərəfindən dəstəklənsə də, onun adı deputatlığa ilkin namizədlər siyahısına salınmayıb. Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bunun üçün V. Əyyubun şəxsən partiya rəhbərliyinə müraciət etməli olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR