“Qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda yazı müsabiqəsi elan edilib

“Qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda yazı müsabiqəsi elan edilib
# 17 aprel 2015 11:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

APA-nın xəbərinə görə, müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib.

Dövlət komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova müsabiqənin ilk mərhələsinin ötən il keçirildiyini, ancaq kifayət qədər jurnalist fəallığı müşahidə olunmadığını söyləyib. S. Qəhrəmanova ötən müsabiqəyə təqdim edilən yazıların bir çoxunun internetdəki materiallar əsasında hazırlandığını, plagiatlığa yol verildiyini nəzərə çatdırıb. O, jurnalistləri konkret faktlar əsasında yazılar hazırlamağa çağırıb.

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva yaşı 30-a qədər olan bəzi gənc qadınların mənəvi kasadlıq, var-dövlət arzusu ilə Bakıya üz tutduqlarını və son nəticədə acınacaqlı duruma düşdüklərini söyləyib. O, bəzi telekanalların şou xarakterli proqramlarını da tənqid edib: “Hər bir yazıda problemin həlli yolu göstərilməlidir. Niyə jurnalist plagiatlığa yol verməlidir? Müsabiqədə 35 yaşa qədər olan qadın jurnalistlərin yazılarda qoyduqları problemlərin həlli yolunu göstərməsi vacibdir”.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, savadlı cəmiyyətə gedən yol savadlı qadın və anadan keçir: “Bu günlərdə Parisdə keçirilən tədbirdə bildirdilər ki, Azərbaycan qadını obrazı müsəlman qadını obrazının xoşagəlməz tərəflərinin yaxşı mənada dağıdılmasında mühüm rol oynayır. Qızlarımız oxumalı, peşə, iş sahibi olmalıdır. Yaxşı peşə sahibi olan qadın çətin vəziyyətlərdə belə övladlarının məsuliyyətini üzərinə götürə bilir. Əks halda, peşəsi, işi olmayan qadınlar çarəsizlikdən pis yola gedirlər. Ona görə də qızlarımızın oxuması, ali təhsil, yaxud ən azı bir peşəyə yiyələnməsinin zəruri olduğunu ən ucqar kəndlərimizə belə çatdırmalıyıq”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR