Azərbaycanda keçiriləcək respublika fənn olimpiadasının qaydalarında yeniliklər edilib - VİDEO

Azərbaycanda keçiriləcək respublika fənn olimpiadasının qaydalarında yeniliklər edilib - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 08:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramlar şöbəsinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2014-15-ci tədris ili üçün respublika fənn olimpiadalarının keçirilməsi ilə əlaqədar yeni qaydalar təsdiq edilib.

Onun sözlərinə görə, həmin qaydalarda əsas məqsəd məktəblər arasında istedadlı gənclərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanları, həmçinin, şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılmasıdır. Nazirlik rəsmisi qeyd edib ki, yeni qaydalara əsasən, respublika fənn olimpiadaları 3 mərhələdə keçirilir: “İlk mərhələdə rayon mərhələsi, ikinci yarımfinal turu, üçüncüsü isə finaldır. Yanvardan etibarən proses davam edir. İlk mərhələdə bütün Azərbaycandan 22 min şagird iştirak edib. Onların arasından yarımfinala ən yaxşı 4 min şagird seçilib. Mart ayında olimpiadanın zona mərhələsi keçirilərək onların arasında ən yaxşı 480 nəfəri seçdik və onlarda final mərhələdə iştirak edəcək. Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 18-20-də keçiriləcək. Olimpiada 8 fənn üzrə keçirilir və burada texniki (riyaziyyat, kimya, fizika, biologiya, informatika) və humanitar fənlər (Azərbaycan dili , tarix və coğrafiya) yer alır. Olimpiadadan uğurla keçən şagirdləri beynəlxalq olimpiadalarda iştirakını təmin edəcəyik. Bəzən istər valideynlər, istər müəllim, istərsə də şagirdlər arasında anlaşılmazlıq olur ki, uşaqlar TQDK-nın keçirdiyi sınaq imtahanlarında yüksək nailiyyətlər əldə etsələr də, respublika fənn olimpiadasının hansısa mərhələsində həmin nəticəni göstərə bilmirlər. Buna görə də müəyyən çaşqınlıqlar əmələ gəlir. Vurğulamaq istəyirik ki, fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır. Olimpiadalardakı suallar məktəb proqramlarına uyğun olsa da, daha çətin və dərinləşdirilmiş, eləcə də spesifik şagirdləri seçmək məqsədi ilə hazırlanır”.

F. Qarayev əlavə edib ki, Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən respublikanın tanınmış professor və müəllim heyətindən ibarət münsiflər heyəti yaradılıb. Onun sözlərinə görə, builki fənn olimpiadalarındakı əsas dəyişikliklərdən biri də prosesin obyektiv, şəffaf və müsbət rəqabət şəraitində keçirilməsi ilə bağlıdır: “Buna görə də yenilik olaraq şagirdlər final mərhələsində imtahanlardan çıxdıqdan sonra onlara sualların cavabları və qiymətləndirmə meyarları paylanılacaq. Şagirdlər nəticələr açıqlanana qədər öz yazıları ilə tanış ola biləcək, 1 gün sonra münsiflər heyəti ilə birlikdə nəticələrin təsdiqi mərhələsi başlayacaq. Nəticədən narazı olan şagirdlər münsiflərin heyətinin qarşısında öz yazdıqlarını müdafiə edə biləcəklər. Digər dəyişiklik, final mərhələsində iştirak edəcək 480 şagirdin 50%-i, yəni 240 nəfəri I,II, III yerlərlə təltif olunacaqlar. Sual ortaya çıxa bilər ki, 480 nəfərin yarısı medal almış olacaq, bu nə qədər doğrudur? Olimpiadada iştirak edən ümumilikdə 22 min şagird arasından 240 nəfər seçiləcək. Həmçinin final mərhələsinin nəticələrinə əsasən, 8 fənnin 8-dən də “birincilər birincisi” nominasiyasını təyin etmişik ki, həmin fənlərin hamısından yüksək nəticə əldə edən şagirdə xüsusi mükafat veriləcək”.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəyi “APA Holding”ə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR