İran parlamentinin vitse-spikeri: “Rəfsəncani və Xatəmi prezident seçkilərinə qatılsalar, digər qruplar məsələyə yenidən baxacaqlar”

İran parlamentinin vitse-spikeri: “Rəfsəncani və Xatəmi prezident seçkilərinə qatılsalar, digər qruplar məsələyə yenidən baxacaqlar”
# 15 aprel 2013 07:35 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Əgər İranın keçmiş prezidentləri Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi bu il iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə qatılsalar, digər qruplar da seçki marafonuna qoşulmaq üçün məsələyə yenidən baxacaqlar”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İran parlamentinin vitse-spikeri, prezidentliyə namizəd Məhəmmədrza Bahünər bildirib.

Onun sözlərinə görə, Rəfsəncani seçki prosesinə daxil olarsa, onlar da seçkilərə qatılmaq üçün məsələyə yenidən baxaraq qərar verəcəklər: “Ancaq bu da imam və onun ardıcılları kimi tanınan qrupların Rəfsəncaninin xeyrinə namizədliyini geri götürəcəyi mənasına gəlməməlidir. Sadəcə, biz hansı formada namizədimizi irəli sürəcəyimiz məsələsinə yenidən baxacağıq”.

M.Bahünər deyib ki, Rəfsəncaninin seçki marafonuna qoşulması onların seçkilərlə bağlı apardığı işlərə yenidən baxmasına və şəraitə uyğun qərar verməsinə səbəb olacaq: “Bu isə o deməkdir ki, biz ya bir neçə namizəd irəli sürəcəyik, ya da seçkiyə vahid namizədlə qatılacağıq”.

Vitse-spiker vurğulayıb ki, bəzi islahatçılar Xatəminin seçki marafonuna qoşulmasını istəyir: “Ancaq onların arasında başqa bir islahatçı simanın da seçkilərə qatılmasını istəyən qüvvələr var. İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyi bütün siyasi qrupların seçkilərə qatılmasının tərəfdarı olsa da, bəziləri dağıdıcı tendensiya kimi islahatçıların bu marafona qoşulmasını istəmirlər. Ancaq mən hesab edirəm ki, islahatçıların əksəriyyəti seçkilərə qatılmaq istəyirlər”.

Xatırladaq ki, hələlik nə Rəfsəncani, nə də Xatəmi prezident seçkilərində iştirak edəcəkləri ilə bağlı heç bir fikir bildirməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR