“Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda sərgi-konfrans keçirib

“Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda sərgi-konfrans keçirib
# 23 iyun 2016 14:10 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Gənclər və İdman Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda sərgi-konfrans keçirib.


APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar atılan addımlardan, bu sahədə qəbul edilən qanun və qərarlardan danışıb.

İ. Babayev gənclər təşkilatlarının əsas işinin gənclər arasında narkomanlığın zərərli təsirləri ilə bağlı məlumatlandırma, maarifləndirmə və profilaktiki işlərin aparılması olduğunu qeyd edib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Gənclər Fondu gənclər təşkilatlarının narkomaniyaya qarşı mübarizə sahəsində layihələrini dəstəkləyir: “7 il əvvəl bir məruzədə qeyd edilmişdi ki, Azərbaycanda ən gənc narkoman 13 yaşlı xanımdır. Bu, təəssüf doğurmaya bilməzdi. Bizim və gənclər təşkilatlarının əsas işi profilaktiki tədbirlər görülməsi, bu bəlaya düçar olan insanlara sağlam həyat tərzinin təbliğ edilməsidir. Narkomaniyaya qarşı profilaktiki tədbirlər içərisində kütləviliyi ilə seçilən idmanı xüsusi qeyd etmək lazımdır. Biz gənclər təşkilatlarının bu yöndə layihələrini dəstəkləyirik. Gənclər Fondu sağlam həyat tərzi və narkomaniyaya qarşı mübarizə ilə əlaqədar 200-ə qədər layihəni dəstəkləyib. Müasir Azərbaycan dövlətinin 25 yaşı var və bu gün 25 yaşlı gənclərimiz məsuliyyətlərini dərk edirlər. Gənclər Fondu bu sahədə faydalı layihələrə dəstək verməyə hazırdır”.

Millət vəkili Şahin İsmayılov Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələr becərilməsinə və narkotik vasitələrin daşınmasında bu ərazilərdən tranzit məqsədi ilə istifadə edilməsinə diqqət çəkib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov narkomanların müalicəsinin diqqət mərkəzində olduğunu söyləyib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İrəli’ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər çıxışçılar narkomaniyaya qarşı mübarizə sahəsində QHT-lərin rolundan danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR